Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar gənclərin sosial şəbəkələrdə davranışlarını və virtual məkandakı məsuliyyətlərini artırmaq məqsədilə yeni təşəbbüslərini təqdim ediblər.
Deputat Hikmət Babaoğlunun fikrincə, gənclərin sosial şəbəkələrdə etik davranışı, ictimai münasibətlər və hüquq pozuntuları ilə bağlı biliklərinin artırılması üçün xüsusi dərsliklərin hazırlanması zəruridir.
Bu təşəbbüs gənclərin rəqəmsal mühitdə də məsuliyyətli və şüurlu vətəndaş kimi yetişməsinə xidmət edəcək.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bu məsələnin çox aktual və vaxtında qaldırılmış təşəbbüs olduğunu hesab edir:

"Bu gün uşaqlar və yeniyetmələr artıq yalnız real mühitdə deyil, eyni zamanda rəqəmsal məkanda böyüyür, formalaşır və ünsiyyət qururlar. Sosial şəbəkələr onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə sosial şəbəkə etikası və rəqəmsal davranış mədəniyyətinin məktəblərdə tədrisi zəruri görünür. Dünya təcrübəsinə baxdıqda görürük ki, bir çox ölkələrdə bu mövzu artıq sistemli şəkildə tədris olunur.
Məsələn, Finlandiya, Estoniya, Böyük Britaniya kimi ölkələrdə “digital citizenship”, “media literacy”, “online safety” anlayışları məktəb proqramlarının tərkib hissəsidir. Burada məqsəd uşaqları qadağalarla qorxutmaq deyil, onları şüurlu, məsuliyyətli və etik rəqəmsal vətəndaş kimi yetişdirməkdir.
Məncə, bu mövzu ayrıca fənn kimi deyil, daha çox həyat bilgisi, informatika və hətta dil dərsləri çərçivəsində inteqrativ şəkildə tədris oluna bilər. Şagirdlərə onlayn ünsiyyətdə etik davranış, şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik, nifrət nitqi, kiberzorakılıq və dezinformasiya kimi məsələlər real nümunələr üzərindən izah edilməlidir.
Unutmamalıyıq ki, məktəbin və müəllimin rolu yalnız bilik ötürmək deyil, həm də uşaqları cəmiyyətə hazırlamaqdır. Bu gün cəmiyyətin bir hissəsi artıq rəqəmsal müstəvidə yaşayırsa, məktəb də bu reallıqdan kənarda qala bilməz. Qısası, düzgün yanaşma və peşəkar metodlarla sosial şəbəkə etikası mövzusunun məktəblərdə tədrisi gələcəkdə daha sağlam, daha məsuliyyətli və daha mədəni bir cəmiyyət formalaşdırılmasına töhfə verə bilər".