Ötən il xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 1045 nəfər olub. Belə ki, xaricdə dövlət xətti ilə təhsil alanların 62,6 faizi region məktəblərinin məzunlarıdır.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, xarici ali təhsil müəssisələrində dövlət xətti və yaxud Hökümətlərarası Təqaüd Proqramına müraciət məsələsində əsas diqqət ayrılan məqam xüsusi nailiyyətlərin əldə olunmasıdır:

"İstər Respublika Fənn Olimpiadaları (RFO), istər Beynəlxalq Fənn Olimpiadaları, eləcə də SAT və TOEFL imtahanlarının nəticələri, həmçinin müxtəlif müsabiqələrdə iştirak edərək qalib olan şəxslərin göstəriciləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiyanın xüsusi diqqət mərkəzində saxlanılır. Bu cür nailiyyətlərə malik olan məzunlara seçim prosesində daha çox üstünlük verilir.
Region məktəblərində savadsız şagirdlərin olması ilə bağlı formalaşmış stereotiplər reallığı əks etdirmir. Bölgələrdə də kifayət qədər savadlı və yüksək potensiala malik təhsilalanlar mövcuddur. Respublika Fənn Olimpiadalarında iştirak edənlərin əhəmiyyətli bir hissəsi region məktəblərinin payına düşür. RFO-da yüksək nəticə göstərən şagirdlər isə beynəlxalq olimpiadalara istiqamətləndirilir ki, bu da regionlarda təhsil alan şagirdlərin daha sistemli və rahat şəkildə hazırlaşmasına şərait yaradır.
Bəzi hallarda Bakıda yaşayan valideynlər övladlarını daha prestijli hesab etdikləri ali təhsil müəssisələrinə yönləndirməyə üstünlük verirlər. Bunu bəzən ölkə seçimi, bəzən isə nüfuz amili ilə əsaslandırırlar. Təəssüf ki, müəyyən valideynlər “təhsilə daha çox vəsait ayıraq, lakin övladımız daha prestijli ölkədə təhsil alsın” yanaşması ilə hərəkət edirlər.
Təbii ki, bu yanaşma bütün valideyn və şagirdlərə şamil edilmir. Lakin regionlardan olan abituriyentlərin göstəricilərinin bir çox hallarda daha yüksək faizlə təmsil olunmasında sadalanan amillərin müəyyən təsiri olduğu da danılmazdır".