Azedu.az

"Şagirdlər məzar qazıntılarında iştirak edirdi" - 20 Yanvarın təhsil mənzərəsi...

Məktəblər

20 Yanvar 2026, 15:55
"Şagirdlər məzar qazıntılarında iştirak edirdi" - 20 Yanvarın təhsil mənzərəsi...

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında təkcə qanlı bir tarix kimi deyil, həm də cəmiyyətin bütün təbəqələrinin, o cümlədən müəllim və şagirdlərin yaşadığı ağır sınaq dövrü kimi qalıb.

Həmin günlərdə şəhərdə hökm sürən gərginlik, qorxu və qeyri-müəyyənlik fonunda məktəblərin fəaliyyəti, müəllimlərin məsuliyyəti və uşaqlara mənəvi dayaq olmaq cəhdi bu gün də xatırlanır.

AzEdu.az-a 20 Yanvar faciəsinin baş verdiyi günlərlə bağlı “Örnək müəllim”, təqaüdçü pedaqoq Qəmər Rüstəmova canlı şahid kimi o günlərdən danışıb.

176314

Onun xatirələri məktəblərin fəaliyyətini dayandırmadığı, müəllimlərin isə qorxuya rəğmən şagirdlərə həm bilik, həm də vətənpərvərlik ruhu aşılamağa çalışdığı bir dövrün mənzərəsini ortaya qoyur.

Qəmər müəllim söylədi ki, həmin dövrdə o Yasamal rayonu 199 nömrəli məktəbdə fəaliyyət göstərirdi (hazırda bu təhsil ocağı mövcud deyil):

"O vaxt məktəblər açıq idi, tədris prosesi davam edirdi və biz dərslərimizi normal şəkildə aparırdıq. Düzdür, şəhərdə vəziyyətin gərgin olduğunu bilirdik.

Yanvarın 19-u saat 12 radələrində dərs zamanı məktəbə bir neçə gənc oğlan gələrək bildirdilər ki, vəziyyət olduqca təhlükəlidir, məktəbi bağlayıb evlərə getmək lazımdır. Elə həmin gün direktor pedaqoji heyəti toplayaraq tapşırıq verdi ki, şagirdlər dərhal evlərinə yola salınsın. Yanvarın 20-də isə ümumiyyətlə dərs keçirilmədi.

Bizim imkanımız bundan artıq deyildi, çünki müəllim idik. Uşaqlarda qorxu yaratmaq istəmirdik. Elə buna görə də son ana qədər məşğələləri davam etdirdik. Düşünürdük ki, belə bir şəraitdə daha düzgün mövqe nümayiş etdirmək, ölkəni qorumaq və çıxış yolu axtarmaq lazımdır. Məhz bu səbəbdən dərsləri dayandırmadıq. Bu addım həm də şagirdlərə mənəvi dəstək olur, onları daha güclü və vətənpərvər ruhda formalaşdırırdı".

Dərslərin nə vaxt bərpa ediləcəyini yanvarın 20-də radiodan öyrəndik.

"Anons edildi ki, 20 və 21 yanvar tarixlərində tədris olmayacaq. İki günlük fasilədən sonra, üçüncü gündən etibarən dərslər yenidən başladı.

Bir dəfə dərsdən sonra evə qayıdarkən başqa bir məktəbin 9-cu sinif şagirdinin güllələndiyi xəbəri yayıldı. Həmin günlərdə qorxu hissi mövcud idi və bu səbəbdən uşaqların bir hissəsi dərsə gələ bilmirdi. Bununla belə, məktəbə gələn şagirdlər də az deyildi. Biz anlayırdıq ki, hər bir halda təhsil müəssisəsinin fəaliyyəti davam etməlidir.

Faciədən sonra keçirilən dərslərdə baş verən hadisələrə də toxunurduq. Lakin şagirdlərə əsas mesajımız bu idi: nə baş verirsə-versin, öz xalqınız, millətiniz və Azərbaycan üçün yaşamalı, oxumalısınız. Siz bizim gələcəyimizsiniz. Onlara deyirdik ki, daha ciddi çalışmalı, savad səviyyələrini yüksəltməli, seçilən gənclər olmalısınız. Çünki siz bu tarixi mərhələni yaşamısınız, baş verənlərin canlı şahidisiniz. Bunları ekranlardan deyil, real həyatda görmüsünüz.

Məktəbimiz Şəhidlər xiyabanına yaxın ərazidə yerləşirdi. Şagirdlərin çoxu ora gedir, məzar qazıntılarında iştirak edir, insanlara kömək göstərirdi. Mitinqlərə qatılanlara evlərindən yemək və müxtəlif ləvazimatlar aparanlar da olurdu. Xüsusilə oğlanlar bu işlərdə fəallıq göstərirdilər".

Həmin anlarda nə şagirdlərdə, nə də bizdə qorxu hissi vardı:

"O vaxta qədər heç kimin ağlına gəlməzdi ki, xalqımıza qarşı belə bir qırğın törədilə bilər. Biz eyni ölkənin vətəndaşları idik və bu faciəni törədənlər də formal olaraq həmin dövlətin tərkibində sayılırdı. Məhz buna görə insanların bu cür vəhşiliyi gözləməməsi təbii idi. Elə bu inamsızlıq səbəbindən hamı küçələrə çıxmış, etiraz etmişdi. Heç kim belə bir faciənin yaşanacağına inanmırdı…".

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox