“Yüzdən çox məktəbdə belə problem var ki, şagird sayı azdır. Distant təhsilə keçid, əlbəttə ki, mərhələli şəkildə olacaq. Biz bunu Lənkəran-Astara regionundakı bir neçə məktəbdə test etmişik ki, baxaq, özünü necə göstərir, nəticələr qənaətbəxşdir. Test mərhələsindədir, deyək ki, pilot layihə kimi test edirlər”.
AzEdu.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-nin “Sabaha saxlamayaq” verilişində səsləndirib.
O bildirib ki, uşaqların sayı dəyişir. Ölkədaxili miqrasiyadan asılı olaraq, şagirdlər də valideynləri ilə birlikdə köç edirlər: “İndi Qarabağa köç prosesi baş verir, oradakı məktəblərimiz genişlənir. Məsələn, Xankəndi məktəbi “bizə artıq dar gəlir”, - demək mümkündür, çünki orada kifayət qədər çox uşaq oxuyur. Digər məktəblər isə boşalır, belə bir tendensiya gedir. Təbii ki, şagirdlər ən bacarıqlı müəllimlərin köməyi ilə distant təhsilə yuxarı siniflərin fənləri — biologiya, kimya, tarix və müəllim çatışmayan digər fənlər üzrə qoşulurlar. Hər kənddən, tutaq ki, bir kənddən iki uşaq, digərindən bir uşaq yığılır və beləliklə, bir sinif, məsələn, “7L”sinfi formalaşır və həmin sinifdə yeddi-səkkiz şagird birləşir, müəllim də onlara distant dərs keçir”.