Region və paytaxt məktəbləri arasında həm infrastruktur, həm də təhsil keyfiyyəti baxımından fərqlərin olması aktual mövzulardandır. Belə ki, şəhər məktəblərində şagird sıxlığı, region məktəblərində isə şagird azlığı hər iki tərəf üçün problem yaradır. Həmçinin infrastrukturun səviyyəsi də əsas rol oynayır.
AzEdu.az-a mövzu ilə bağlı sabiq deputat və “Əməkdar müəllim” Sona Əliyeva danışıb.
Müsahibimiz bildirib ki, bu gün region və paytaxt məktəbləri arasında həm infrastruktur, həm də təhsil keyfiyyəti baxımından ciddi fərqlər var:
“Paytaxt məktəbləri daha müasir maddi-texniki baza, sürətli internet və müasir texnoloji avadanlıqlar və laboratoriyalara malikdir. Regionlarda isə hələ də texniki çatışmazlıq, zəif internet, bəzən hətta isitmə problemləri qalmaqdadır. Bu, region və şəhər şagirdlərinin malik olduqları imkanların nə qədər fərqli olduğunu göstərir.
Eyni problem müəllimlərdə də müşahidə olunur. Bakıda müəllimlər daha çox təlim, resurs və inkişaf imkanına malikdir, amma regionlarda ixtisaslı kadr çatışmazlığı qalır. Bu da tədris keyfiyyətinə birbaşa təsir göstərir. Fərqin əsas səbəbi resurs bölgüsündə bərabərliyin pozulması, müəllim axını və rəqəmsal infrastrukturun zəifliyidir. Əgər biz doğrudan da bərabər təhsildən danışırıqsa, hər bir uşağın, istər Bakıda, istər Lənkəranda, istər Qazaxda oxumasından asılı olmayaraq eyni imkanlara sahib olması vacibdir, çünki bu yanaşma həm ölkənin gələcəyi, həm də sosial ədalət prinsipi üçün əhəmiyyətlidir".
“İlin gənc müəllimi” müsabiqəsinin qalibi Əlihüseyn Yaqubov mövzu ilə bağlı fikirlərini bölüşüb:
“Paytaxt və şəhər məktəblərində infrastruktur daha yaxşıdır. Düzdür, şəhər məktəblərində şagird sıxlığı mövcuddur; bir sinifdə 30-dan çox şagirdin olması öyrənməyə əngəl olur. Amma rayon məktəblərinin bir çoxunda internetin olmaması və zəif infrastruktur inkişaf prosesinə mənfi təsir göstərir. Hətta bəzi rayon məktəblərində akt zalları və kompüter otaqları yoxdur ki, bu da təhsil keyfiyyətini aşağı salır.
Digər məsələ isə rayon məktəblərində şagird sayının az olmasıdır. Bu, müəllimlərin şagirdlərə daha keyfiyyətli dərs keçməsinə şərait yaradır. Lakin göstəriciləri daha yaxşı olan müəllimlər əsasən şəhər məktəblərini seçirlər. Nəticədə təzad yaranır: potensiallı müəllimlərin şəhər məktəblərində çalışma ehtimalı yüksəkdir, rayon məktəblərində isə nisbətən göstəriciləri aşağı olan müəllimlər fəaliyyət göstərir".