Azedu.az

Məktəblərdə təhlükəsizlik gücləndirilir - xoşagəlməz hallar azalacaq

Məktəblər

7 Yanvar 2026, 13:59
Məktəblərdə təhlükəsizlik gücləndirilir - xoşagəlməz hallar azalacaq

Dünən Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb.

Məlumdur ki, məktəblərdə tez-tez xoşagəlməz hallar baş verir. Həm müəllim-şagird münasibətlərində, həm də şagirdlər arasında. DİN mühafizə xidmətinin bu təhsil müəssisəsində fəaliyyətə başlaması isə müəyyən suallar doğurur: bu pilot layihə kimi digər təhsil müəssisələrində də tətbiq oluna bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi danışıb. 

O, qeyd edib ki, müəyyən faktlar artıq bu qərarın alınmasını zəruri edib:

“Düşünürəm ki, belə bir addımın atılması məktəblərdə, ən azı, təhlükəsizliyin təmin olunması baxımından vacibdir. Eyni zamanda, təhsil alanlarla təhsil verənlər arasında yaranan ixtilafların qarşısının alınması və hər iki tərəfin təhlükəsizliyinin təmin edilməsi baxımından bu xidmətin bütün təhsil müəssisələrinə tətbiq olunması mühüm əhəmiyyət kəsb edəcək.

Əvvəllər bəzi neqativ hallar yaşanırdı: məktəblərdə şagirdlərin soyuq silah daşıması, məktəb ərazisində müəyyən ixtilafların baş verməsi, müəllimlərlə şagirdlər, eləcə də şagirdlər arasında xoşagəlməz münasibətlər. Bu halların əsas səbəblərindən biri şagirdlərin müəllimlərdən və məktəb rəhbərliyindən çəkinməməsi idi.

Artıq məktəb ərazisinə daxil olmadan əvvəl hüquq-mühafizə orqanlarının mövcudluğu həm təhsil verənlərin, həm təhsil alanların, həm də məktəbə daxil olmaq istəyən kənar şəxslərin təhlükəsizliyinin təmin olunmasına şərait yaradacaq. Son dövrlərdə bəzi məktəblərdə xoşagəlməz hallar müşahidə olunub. Belə ki, bir qrup şagirdin zəhərlənməsi faktı qeydə alınıb və sonradan məlum olub ki, bu, psixotrop maddələrin daşınması ilə bağlıdır. Şagirdlərə saqqıza bənzər maddələr verilib. Bu kimi faktlar artıq belə bir qərarın qəbulunu zəruri edib".

Mühafizə polisi və nazirliklər razılaşaraq xidmətin təşkilinə digər məktəblərdə də başlanılsın:

“Bu məqam məktəb ərazisində baş verən xoşagəlməz halların qarşısını minimallaşdıracaq. Əvvəllər şagird və müəllim davranış qaydaları nazirlik tərəfindən müəyyən edilərək təhsil müəssisələrinə göndərilsə də, həm şagirdlərin, həm də müəllimlərin müəyyən qədər həmin davranış qaydalarından kənara çıxdığını görürdük. Bu qərarın qəbulundan sonra isə böyük ehtimalla xoşagəlməz hallar aradan qalxacaq".

Putin Zelenskini oğurlayacaq - Ardınca isə - Xəbəriniz Var?
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox