Azedu.az

Son iki ildə tikinti və təmir işləri aparılan məktəblərin SAYI

Məktəblər

2 Yanvar 2026, 15:28
Son iki ildə tikinti və təmir işləri aparılan məktəblərin SAYI

2024-2025-ci illərdə Azərbaycanda təhsil sahəsində böyük infrastruktur layihələri həyata keçirilib.

Maraqlıdır, ötən iki ildə neçə məktəb tikilib və ya təmir işləri aparılıb?

Mövzu ilə bağlı AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, 2024-cü ildə Elm və Təhsil Nazirliyinin sifarişi ilə təhsil müəssisələri şəbəkələrinin genişləndirilməsi, yeni məktəblərin tikintisi və əsaslı təmir işləri yerinə yetirilib.

Belə ki, 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb. Bu müəssisələrdən 46-sı yeni tikilidir və ya yeni korpus tikilib, 11-i isə əsaslı təmir olunub. 33 təhsil müəssisəsinin təmir-tikintisinin başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda 24 təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə yekunlaşması planlaşdırılır. Həmçinin layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin (3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə başlanılması planlaşdırılır.

Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 215 təhsil müəssisəsində (10 peşə, 6 kollec, 9 məktəbdənkənar və 190 ümumi təhsil) cari təmir işləri aparılıb. Həmçinin 234 müraciət əsasında 70 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb, 100 müəssisədə işlər davam edir, 64 müəssisədə isə işlərin başlanılması üçün hazırlıq gedir. 

2025-ci ilin nailiyyətləri

2025-ci ildə isə ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya yeni tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı baş tutub. Bundan əlavə, ölkə üzrə 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb ki, bunlardan 137-si əsaslı təmir olub. Bu da Azərbaycan məktəblərində müasir və komfortlu tədris mühitinin yaradılması istiqamətində davamlı addımların atıldığını göstərir.

2024-2025-ci illərdə təhsil müəssisələrinin tikinti və təmir işləri ölkəmizdə təhsil sahəsinin keyfiyyətinin yüksəldilməsi, şagirdlər üçün təhlükəsiz və komfortlu mühitin yaradılması istiqamətində mühüm nailiyyətlərdir. Bu layihələr həm də müəllim və şagirdlərin təhsilə marağını artırmaq, regionlarda təhsil infrastrukturunu gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox