"Repetitora üz tutanlar sehrli üsul axtarırlar. Biz imtahandan əvvəl qəbul proqramlarını elan edəndə, model tapşırıqları verəndə heç kim etiraz etmir, irad tutmur. Yalnız imtahan bitəndən sonra test tapşırıqlarının çətin olduğu iddia olunur. Halbuki eyni səviyyədə olan sualları əvvəldən dərc edib paylayırıq. Bunun da səbəbi odur ki, kimlərsə abituriyentlərə reallığa əsaslanmayan, saxta vədlər verirlər. Bu il 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfər artıb. Bəs çətindirsə, onlar necə bacarıblar?"
AzEdu.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Məleykə Abbaszadə qeyd edib ki, imtahan nəticələri dərc olunmamışdan qabaq hər bir sualın cavabı və izahı verilir:
"Sualın şablonu, cavabı, meyarı yazılır. İzahla göstəririk ki, sual hansı sinfə və mövzuya aiddir. Səhifəni də vurğulayırıq. Axı bunu biz çap edirik, açın, oxuyun. Suallar kitabda olmasa, bizə qarşı çoxsaylı məhkəmə iddiası olardı, bizi məhkəməyə verərdilər".
O, müsahibədə qəbul və buraxılış imtahanlarının nəticələri, testlərin çətinləşməsi ilə bağlı iddialar, peşə seçimi problemləri, repetitorluq məsələsi, imtahanların elektronlaşdırılması, süni intellekt və informatikanın imtahanlara daxil edilməsi məsələsi, imtahanlarda valideyn qorxusu, Xankəndinin universitet şəhərciyi kimi gələcəyi və bir çox maraqlı mövzulardan danışıb.
Səmimi və bəzən qeyri-rəsmi suallarla zəngin olan müsahibədə Məleykə Abbaszadənin abituriyentlərə, valideynlərə və gənclərə mühüm mesajları var.