“Azərbaycan cəmiyyətində dinlə bağlı biliklər əsasən 3 mənbədən alınır”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında qeyd edib.
“Birincisi, aldığımız ilk dini biliklər ailələrimizdən gəlir, ikincisi KİV-lər, üçüncüsü isə din xadimləri və ibadət yerləridir. Bu 3 mənbəyə diqqətlə nəzər yetirsək, görərik ki, heç də hər üç mənbədə tam doğru məlumat verilmir. Çünki ailələrimizin dinlə bağlı bilikləri yetərli deyil.
Biz dinlə bağlı bilikləri, xüsusilə də xurafatla mübarizədə bu 3 mənbədən daha etibarlı və perspektivli şəkildə hansı mənbədən istifadə edə bilərik? Təbii ki, ilk ağla gələn məktəblərdir. Bu nöqteyi-nəzərdən düşünürük ki, milli-mənəvi dəyərlərin təbliğində, gənclər və yeniyetmələr arasında onların düzgün təşviqi ilə yanaşı dini biliklərin verilməsində məktəbin rolu böyükdür.
Təbii ki, təhsil dünyəvi xarakter daşıyır və təhsil müəssisələrində şəriətlə bağlı məsələlərdən söhbət gedə bilməz. Amma din yalnız şəriətdən ibarət deyil”.