Azedu.az

Uşaqlar “nə oxudum?” sualına cavab verə bilmir – səbəb nədir?

Məktəblər

12 Dekabr 2025, 16:20
Uşaqlar “nə oxudum?” sualına cavab verə bilmir – səbəb nədir?

"Müasir təhsilin qarşılaşdığı ən ciddi problemlərdən biri şagirdlərin oxuyub-anlama bacarığının zəifliyidir. Bu problem təkcə Azərbaycan təhsilinə xas deyil, beynəlxalq qiymətləndirmələr, xüsusilə PISA nəticələri də göstərir ki, bir çox ölkədə şagirdlər mətni oxuya bilsələr də, onun məzmununu dərk etməkdə çətinlik çəkirlər. Uşaqlar tez oxumağı öyrənir, amma oxuduqları üzərində düşünmək, əsas fikri tapmaq və nəticə çıxarmaq vərdişini formalaşdıra bilmirlər".

Bu sözləri AzEdu.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib.

Onun sözlərinə görə,dünya təcrübəsində bu vəziyyətin əsas səbəbi oxumanın uzun illər texniki bacarıq kimi qəbul edilməsi ilə izah olunur:

"Erkən siniflərdə oxuma sürətinə həddindən artıq diqqət yetirilməsi, test yönümlü yanaşma və uşaqlara “nə oxudun?” yox, “neçə sətir oxudun?” sualının verilməsi oxuyub-anlamanı ikinci plana keçirir. Rəqəmsal mühitdə qısa və sürətli informasiyaya öyrəşmək də uşaqların uzun mətnlər üzərində diqqətini zəiflədir.

Halbuki inkişaf etmiş təhsil sistemlərində oxuma sadəcə səsləndirmə deyil, düşünmə prosesi kimi qəbul olunur. Finlandiya, Kanada və Sinqapur kimi ölkələrdə şagirdlərdən mətni oxuduqdan sonra səbəb–nəticə əlaqəsi qurmaq, müəllifin mövqeyini müəyyənləşdirmək və oxuduğunu həyatla əlaqələndirmək tələb olunur. Burada əsas məqsəd sürətli oxumaq yox, şüurlu oxuma bacarığını formalaşdırmaqdır".

"Sürətli oxuma mətni tez keçməyə kömək edə bilər, amma şüurlu oxuma mətni anlamağa, şərh etməyə və istifadə etməyə imkan yaradır",-deyə G.Əkbərova fikrinə əlavə edib:

"Oxumanın məqsədi sözləri ard-arda səsləndirmək deyil, mətndə gizlənən ideyanı, mesajı və əsas fikri dərk etməkdir. OECD yanaşmasına görə, oxuma bacarığı insanın məlumatı anlayıb ondan məqsədyönlü şəkildə istifadə edə bilməsi deməkdir.

Şüurlu oxuma vərdişi formalaşmış şagird təkcə dərslərində daha uğurlu olmur, eyni zamanda tənqidi düşünmə, analiz etmə və düzgün qərarvermə bacarıqları qazanır. Bu bacarıqlar isə yalnız məktəb həyatı üçün deyil, gələcək peşə və sosial həyat üçün də həlledici rol oynayır. Dünya İqtisadi Forumunun hesabatlarında göstərilən gələcəyin əsas bacarıqları analitik düşünmə, kompleks mətnlərlə işləmə və arqumentasiya məhz şüurlu oxuma ilə birbaşa bağlıdır.

Düşünürəm ki, müasir təhsildə əsas hədəf sürətli oxuyan şagird yetişdirmək deyil, oxuduğunu anlayan, düşündüyünü əsaslandıra bilən və məlumatı düzgün şərh edən fərd formalaşdırmaq olmalıdır. Çünki oxuma sadəcə bir fənn bacarığı deyil, müasir dünyada insanın öyrənmə, anlama və seçim etmə qabiliyyətinin təməlidir".

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox