Azedu.az

Dərslik çatışmazlığı: “Həm tədrisə, həm psixologiyaya zərbədir”

Məktəblər

9 Dekabr 2025, 13:03
Dərslik çatışmazlığı: “Həm tədrisə, həm psixologiyaya zərbədir”

Hər il şagirdlər müəyyən qədər dərslik çatışmazlığı ilə üzləşirlər. Məktəblərdə dərsliklərin şagird sayı ilə uyğun paylanmaması onların pulsuz kitab əldə etmək hüququna mənfi təsir göstərir.

Görəsən, təhsil müəssisələrində dərslik qıtlığının səbəbi nədən qaynaqlanır və bunun qarşısını necə almaq olar?

AzEdu.az-a mövzu ilə bağlı Elmin Nuri açıqlama verib.

Müsahibimiz bildirib ki, bu məsələ şagird psixologiyası üçün heç zaman unudulmayacaq nümunədir:

"Çox təəssüf ki, məktəbin “mətbəx”inə bələd olan şəxslər hər il bu problemin təkrarlanmasını qeyd edirlər. Elə siniflər var ki, şagirdlərin təxminən yarısı bəzi fənlərlə bağlı dərsliksiz qalır. Bu, tədris prosesinə, onun keyfiyyətinə xələl gətirməklə yanaşı, şagirdə həm də mənəvi-psixoloji zərbə vurur. Yeniyetməlik dövrünün həssas olduğunu deməyə ehtiyac yoxdur.

Belə dönəmdə şagirdi kitabsız qoymaqla onu həmyaşıdları arasında şüuraltı geridə hesab etmiş oluruq. Ola bilsin, kiminsə bu adi haldır, amma şagird psixologiyası üçün heç zaman unutmayacaq bir nümunədir. Odur ki, dərsliklərin sayı, tələb-təklif prinsipləri və hər məktəb üçün əlçatanlığı xüsusi önəm daşımalıdır. Dərslik də, şagird də dövlətin sərvətidir; onları bir-birinə qovuşdurmadıqca təhsildə irəliləyiş görmək mümkün deyil".

Elmin Nuri əlavə edib ki, 5 illik istifadə intervalını azaltmaq vacibdir ki, şagirdlər həm çatımlılıq, həm də peşəkarlıq baxımından əziyyət çəkməsinlər:

"Üstəlik, bu kimi məsələlər məktəblərə və şagirdlərin evlərinə keyfiyyətsiz, tələsik hazırlanmış dərsliklərin və psevdo vəsaitlərin gəlməsinə yol açır. Kommersiya məqsədli, sürətlə və keyfiyyətə az diqqətlə hazırlanan bu vəsaitlər, şagirdin əldə edə bilmədiyi dərsliyi əvəz edəcək. Nəticədə itirən yenə şagird və məktəb olacaq.

Odur ki, komissiya dərsliklərin sayı və əlçatanlığını xüsusi diqqətdə saxlamalıdır. Ən önəmlisi isə dərsliklərin yenidən hazırlanması, düzəliş və əlavələrin edilməsi, həm keyfiyyət, həm də kəmiyyət məsələlərinin operativ həllidir.

Səhv etmirəmsə, dərsliklər 5 illik istifadə üçün nəzərdə tutulur və yalnız bu müddət başa çatdıqdan sonra hər hansı problem üzərində işlənərək yenidən çap olunur. Biz bu 5 illik intervalı xeyli azaltmalıyıq ki, şagirdlər həm çatımlılıq, həm də peşəkarlıq baxımından əziyyət çəkməsinlər".

Rusiyada ARA QARIŞIR - Kremldə vətəndaş müharibəsi qorxusu...
Son xəbərlərDaha çox