İnsan dünyaya göz açmadan çox əvvəl, hələ ana bətnində ikən ətraf aləmlə tanış olmağa başlayır. Bu tanışlığın ən mühüm hissələrindən biri isə dildir. Alimlərin apardığı araşdırmalar göstərir ki, körpələr ana bətnində eşitdikləri səsləri diqqətlə “dinləyir” və beynə yazırlar. Xüsusilə ananın səsi, onun danışıq tərzi, dilin ritmi və intonasiyası körpənin yaddaşında iz buraxır.
AzEdu.az-ın araşdırmasına əsasən, məhz bu səbəbdən yeni doğulan körpələr elə ilk günlərdən ana dilinə xas səsləri daha yaxşı tanıyır və onlara daha həssas reaksiya verirlər. Onlar ananın danışdığı dilin melodiyasını, intonasiyasını və ritmini başqa dillərin səslərindən ayırmağı bacarırlar. Sanki körpə hələ doğulmamış öz dilinin musiqisini öyrənib və bu musiqi onun üçün artıq tanış, doğma bir dünyaya çevrilib.
Beləliklə, dil öyrənmə prosesi doğulduqdan sonra deyil, daha çox qədim və gizli bir yerdə ana bətnində başlayır. Bu isə insanın dünyaya hazır şəkildə, dilin ilkin harmoniyasını duya-duya gəldiyini göstərir.