Hindistanın Maharaştra ştatının Solapur bölgəsində fəaliyyət göstərən kənd müəllimi Ranjitsinh Disale təhsildə yaratdığı yeniliklər və göstərdiyi fədakarlıq sayəsində 2020-ci ildə dünyanın ən nüfuzlu mükafatlarından biri olan “Global Teacher Prize”a layiq görülüb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, müəllim fəaliyyətə başladığı zaman işlədiyi kənd məktəbi olduqca ağır vəziyyətdə idi. Məktəbdə şagird davamiyyəti aşağı, xüsusilə qızların təhsilə cəlb olunması isə ciddi problem olaraq qalırdı. Erkən nikah halları geniş yayılmış, bir çox ailə qızların oxumasına önəm vermirdi.
Disale bu problemlərin həlli üçün innovativ yanaşmalar tətbiq edib. O, dərsliklərə QR kodlar əlavə edərək şagirdlər üçün video və səsli dərs materialları hazırlayıb. Bu üsul şagirdlərin dərsləri daha yaxşı mənimsəməsinə imkan yaradıb və sonradan ölkə üzrə geniş tətbiq olunmağa başlanıb.
Müəllimin əsas uğurlarından biri də qızların təhsilə cəlb olunması sahəsində olub. O, valideynlərlə fəal şəkildə işləyərək onların düşüncəsini dəyişib və nəticədə məktəbdə qızların davamiyyəti tam səviyyəyə çatdırılıb. Erkən evlilik halları isə əhəmiyyətli dərəcədə azalıb.
Bununla yanaşı, Disale “Let’s Cross the Borders” adlı beynəlxalq layihə yaradaraq müxtəlif ölkələrdən olan şagirdlər arasında əməkdaşlıq və mədəni mübadiləni təşviq edib.
Qeyd edək ki, o, qazandığı 1 milyon dollarlıq mükafatın 50 faizini digər finalçı müəllimlərlə bölüşərək təhsildə həmrəylik nümunəsi göstərib.