Alimlər Misirdəki Böyük Piramidanın necə inşa edildiyinə dair yeni və diqqətçəkən nəzəriyyə ortaya qoyublar.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, piramidanın tikintisi zamanı daş blokların daşınması üçün indiyədək qəbul edilən uzun xarici rampalardan deyil, piramidanın daxili hissəsində yerləşən spiral formalı mexanizmdən istifadə edilmiş ola bilər.
Tədqiqatçılar bildirirlər ki, bu daxili sistem vasitəsilə ağır daş bloklar mərhələli şəkildə yuxarı qaldırılıb. Yeni nəzəriyyə Böyük Piramidanın içərisində aşkar edilən naməlum boşluqlar və tunellərlə də uyğunluq təşkil edir. Alimlərin fikrincə, bu boşluqlar məhz tikinti prosesində istifadə olunan daxili rampaların izi ola bilər.
Araşdırma müəllifləri vurğulayırlar ki, bu üsul həm işçi qüvvəsinə qənaət etməyə, həm də minlərlə ton ağırlığında daşların daha təhlükəsiz şəkildə qaldırılmasına imkan verib. Yeni yanaşma piramidaların tikintisi ilə bağlı illərdir davam edən mübahisələrə fərqli baxış gətirir.
Qeyd edək ki, Böyük Piramida təxminən 4 500 il əvvəl inşa edilib və bu günə qədər qədim dünyanın ən böyük mühəndislik möcüzələrindən biri hesab olunur. Alimlər yeni nəzəriyyənin təsdiqlənməsi üçün əlavə arxeoloji və texniki araşdırmaların aparılmasının vacibliyini bildirirlər.