Habl Kosmik Teleskopu ilə aparılan müşahidələr zamanı indiyədək yalnız nəzəri olaraq mövcudluğu ehtimal edilən yeni tip obyekt aşkar edilib. “Cloud-9” adlandırılan bu obyekt ilkin Kainatda formalaşmış, ulduzsuz, qaz və qaranlıq maddə ilə zəngin bir buluddur və ilkin qalaktikaların “qalığı” hesab olunur. Tədqiqatçılar bunu ulduz əmələ gətirə bilməmiş “uğursuz qalaktika” kimi dəyərləndirirlər.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Buludun kütləsi ulduz yaranması üçün kifayət etmir, lakin tam dağılmaq üçün də çoxdur. Onun əsas xüsusiyyəti kütləsinin böyük hissəsinin qaranlıq maddədən ibarət olmasıdır. Qaranlıq maddə işıq yaymadığı üçün müşahidəsi çətin olsa da, “Cloud-9” bu baxımdan nadir nümunədir və gələcəkdə qalaktikaya çevrilmə ehtimalı mövcuddur.
Obyekt üç il əvvəl FAST radio teleskopu ilə kəşf edilib, daha sonra Green Bank və VLT teleskopları ilə təsdiqlənib. Lakin yalnız Habl teleskopu vasitəsilə onun həqiqətən ulduzsuz olduğu müəyyən edilib. Əks halda, o, zəif cırtdan qalaktika kimi qiymətləndirilə bilərdi. “Cloud-9” Messier 94 qalaktikasının yaxınlığında yerləşir və onunla fiziki əlaqəsi görünür.
Bu obyekt yeni bir sinfə - “Reionlaşma ilə Limitlənmiş HI Buludu” (RELHIC) – aid edilib. RELHIC-lər ulduz əmələ gətirmək üçün kifayət qədər qaz toplaya bilməyən, qaranlıq maddənin dominant olduğu strukturlar olub qalaktikaların formalaşmasının erkən mərhələsini təmsil edir.
“Cloud-9” digər hidrogen buludlarından fərqli olaraq daha kompakt, sferik quruluşa malikdir. Tərkibindəki hidrogen qazının kütləsi Günəşin kütləsindən təxminən bir milyon dəfə çoxdur. Strukturun sabitliyini təmin edən qaranlıq maddənin kütləsi isə təxminən 5 milyard Günəş kütləsinə bərabərdir. Buludun diametri təxminən 4900 işıq ilidir.
Bu kəşf qaranlıq maddənin təbiətinin öyrənilməsində mühüm əhəmiyyət daşıyır və gələcəkdə oxşar “uğursuz qalaktikaların” aşkar olunması üçün yeni imkanlar yaradır.
Tədqiqat Milano-Bicocca Universiteti, ESA və STScI alimləri tərəfindən aparılıb və nəticələr “The Astrophysical Journal Letters” nəşrində dərc olunub.