Süni intellektin insanlığın sonunu gətirəcəyi barədə qorxulu ssenariləri ilə tanınan keçmiş OpenAI əməkdaşı Daniel Kokotajlo, əvvəl 2027-ci il kimi göstərdiyi kritik tarixi 2030-cu illərin əvvəllərinə təxirə salıb.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verirn ki, Kokotajlo-nun keçən aprel ayında yayımladığı “AI 2027” ssenarisi, nəzarətsiz süni intellektin dünya liderlərini üstələyərək insanlığı məhv edəcəyini proqnozlaşdırırdı.
Lakin real dünyanın mürəkkəbliyi və texnologiyanın avtonom kod yazma bacarıqlarındakı irəliləyişin gözlənilən sürəti tam tutmadığından, ekspert proqnozunu yeniləyib.
O bildirib ki, süni intellektin “super zəka” səviyyəsinə çatması artıq 2027-ci il deyil, 2030-cu illərin əvvəllərində mümkün görünür.
Mütəxəssislər qeyd edirlər ki, süni intellekt dar sahələrdə, məsələn şahmat və digər ixtisaslaşmış tapşırıqlarda sürətlə irəliləyir, amma real dünyanın mürəkkəbliyi və genişliyi qarşısında bu sürəti qorumaq çətindir. Bir zamanlar elmi yanaşmaya yaxın sayılan “ümumi süni zəka” anlayışı isə bir çox tədqiqatçı üçün yavaş-yavaş elmi-fantastik hekayəyə çevrilir.
OpenAI CEO-su Sam Altman da şirkətinin hədəfləri ilə bağlı “tamamilə uğursuz ola bilərik” şəklində ehtiyatlı açıqlama verərək texnologiya dünyasındakı bu böyük dönüşümün gözlənildiyi qədər hamar olmayacağını təsdiqləyib.
Beləliklə, süni intellektin insanlığı aradan qaldıracağı qorxulu ehtimallar hələlik müasir dünyanın bürokratiyası və texniki çətinlikləri ilə qarşılaşıb.
Zeynəb Tehranlı