Times Higher Education (THE) tərəfindən tərtib edilən 2025-ci il üzrə Tibb və Səhiyyə üzrə Dünya Universitet Reytinqləri dərc olunub.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, reytinq tibb, stomatologiya, tibb bacılığı və digər səhiyyə ixtisasları üzrə dünyanın aparıcı ali təhsil müəssisələrini əhatə edir.
Nəticələrə əsasən, Oksford Universiteti klinik və səhiyyə təhsili sahəsində liderliyini qoruyaraq birinci yerdə qərarlaşıb. Harvard Universiteti ikinci mövqeyini saxlayaraq tibb və klinik fənlərin tədrisi üzrə dünya liderlərindən biri olduğunu bir daha təsdiqləyib.
Kembric Universiteti və Imperial College London müvafiq olaraq üçüncü və dördüncü yerlərdə qərarlaşaraq yüksək göstəricilərini qoruyublar. İsveçin Karolinska İnstitutu tibbi tədqiqatlardakı güclü nəticələri sayəsində reytinqdə 13-cü yerə yüksəlib. Bristol Universiteti isə klinik fənlər üzrə tədqiqat keyfiyyətində ən yüksək bal toplayaraq diqqət çəkib.
Qeyd edək ki, 2025-ci il reytinqinə 102 ölkə və ərazidən 1 150 universitet daxil edilib. Ali təhsil müəssisələri 18 əsas performans göstəricisi - tədris mühiti, tədqiqat keyfiyyəti, beynəlxalq baxış və sənaye ilə əməkdaşlıq kimi meyarlar əsasında qiymətləndirilib.
Mütəxəssislər bildirirlər ki, bu reytinq nəticələri qlobal səhiyyə və tibb təhsilində lider universitetlərin mövqelərini bir daha təsdiqləməklə yanaşı, tələbələr və tədqiqatçılar üçün də etibarlı seçim bələdçisi rolunu oynayır.
Zeynəb Tehranlı