Alimlər insanın təkamül tarixinə dair mühüm bir kəşfin astanasında olduqlarını bildiriblər.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, Cənubi Afrikada aşkarlanmış qədim hominin qalıqları indiyədək məlum olmayan yeni bir insan növünə aid ola bilər.
Tədqiqatçılar “Little Foot” adı ilə tanınan və milyon ildən artıq yaşı olan skelet qalıqlarını müasir texnologiyalar vasitəsilə yenidən analiz ediblər. Aparılan morfoloji və müqayisəli tədqiqatlar göstərir ki, bu fərdin skelet quruluşu indiyə qədər tanınan insan əcdadlarından əhəmiyyətli dərəcədə fərqlənir.
Alimlərin fikrincə, əgər bu ehtimal təsdiqlənərsə, insanın təkamül xəritəsi yenidən yazıla bilər. Bu tapıntı Homo cinsinin formalaşması, erkən insan növlərinin müxtəlifliyi və Afrikadan miqrasiya prosesləri ilə bağlı mövcud elmi yanaşmalara ciddi təsir göstərəcək.
Araşdırma müəllifləri bildirirlər ki, hazırda əlavə analizlər və beynəlxalq elmi ekspertizalar davam etdirilir. Yekun nəticələrin yaxın dövrdə açıqlanacağı gözlənilir.