Qiyabi təhsildə ən çox ehtiyac olan sahə magistr təhsilidir.
Bu fikirləri AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib.
O qeyd edib ki, həm işləmək, həm də bundan sonra 4-5 saat dərsdə iştirak etmək kifayət qədər çətindir:
"Ölkəmizdə qiyabi təhsillə bağlı bəzi bakalavr ixtisasları ləğv edilib, artıq yalnız məhdud sahələrdə qiyabi təhsil mövcuddur. Məsələn, laboratoriya şəraitində öyrənilməli olan fizika, biologiya, kimya ixtisasları, eləcə də rejissorluq və tibb sahələrində qiyabi təhsil tamamilə dayandırılıb.
Amma bəzi istiqamətlərdə hələ də qiyabi təhsil davam edir. Qiyabi təhsildə ən çox ehtiyac olan sahə magistr təhsilidir. Çünki adətən işləyənlər istəyirlər ki, həm magistr təhsili alsınlar, həm də işlərini davam etdirsinlər".
İşləmək və keyfiyyətli təhsil almaq eyni vaxtda çətindir:
"Bəzi universitetlər bu problemi yüngülləşdirmək üçün dərslərin başlanma saatını axşama keçiriblər ki, işləyən tələbələr işdən çıxıb dərsə qatıla bilsinlər. Bu isə magistrantlar üçün hələ də çətinlik yaradır, çünki həm işləmək, həm də 4-5 saat dərsdə iştirak etmək kifayət qədər ağırdır. Buna görə də tələbələr arasında qiyabi təhsilə real tələbat mövcuddur.
Düşünürəm ki, qiyabi təhsilin bərpası və ya daha əlçatan formaya salınması gənclərimiz üçün faydalı olardı. Bu, onların həm təhsil, həm də iş imkanlarını daha da genişləndirər".