Azedu.az

Magistratura imtahanında yüksək nəticə: “Mexaniki səhvlər birinciliyə mane oldu”

Magistratura

13 Mart 2026, 15:15
Magistratura imtahanında yüksək nəticə: “Mexaniki səhvlər birinciliyə mane oldu”

Ötən gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.

Belə ki, essedən maksimum nəticə əldə edənlərdən biri Ədalət Hümbətovdur.

Essedən 5 olmaqla, ümumilikdə 89.5 bal toplayan Ədalət Hümbətov AzEdu.az-a təəssüratlarını bölüşüb.

O, Bakı Ali Neft Məktəbinin 5-ci kurs Neft-qaz mühəndisliyi ixtisası üzrə tələbəsidir:

"Magistratura imtahanında əsas məqsədim rus bölməsi üzrə yüksək nəticə əldə etmək idi. Məntiq fənnində etdiyim bəzi mexaniki səhvlər və iki sualda baş verən sürüşdürmə səbəbindən birinciliyi əldə edə bilməsəm də, bu imtahanın mənim üçün maraqlı və faydalı bir təcrübə olduğunu düşünürəm.

Neft-qaz mühəndisliyi üzrə təhsil almağıma baxmayaraq, informatika sahəsinə olan marağım və universitetdə ingilis dilində təhsil almağım bu iki fənn üzrə hazırlıq prosesində mənə ciddi şəkildə kömək etdi. Mənim üçün əsas çətinlik Bakı Ali Neft Məktəbində kifayət qədər intensiv və ağır keçən dərsləri, eləcə də payız semestri ərzində üzərində işlədiyim layihələri magistratura imtahanına hazırlıqla paralel şəkildə aparmaq idi. Bu səbəbdən imtahana hazırlıq üçün təxminən bir ay vaxt ayıra bildim.

Növbəti illərdə magistratura imtahanı verəcək şəxslərə sistemli və planlı şəkildə hazırlaşmağı, universitet dərslərini axsatmamağı və xüsusilə zəif olduqları mövzulara daha məsuliyyətli yanaşmağı tövsiyə edərdim.

Gələcək planlarıma gəldikdə isə, öz ixtisasıma olan marağımı nəzərə alaraq neft-qaz mühəndisliyi üzrə magistratura proqramı seçməyi düşünürəm. Hazırda isə konkret universitet seçimi etməmişəm və müxtəlif imkanları dəyərləndirirəm".

İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?
Son xəbərlərDaha çox