Azedu.az

Magistraturadan ən çox III qruplar zəifdir: “Balans qorunmalıdır”

Magistratura

18 Fevral 2026, 16:21
Magistraturadan ən çox III qruplar zəifdir: “Balans qorunmalıdır”

15 fevral tarixində keçirilən son magistratura qəbul imtahanının nəticələri göstərir ki, III ixtisas qrupu üzrə bakalavrlar digər qruplarla müqayisədə nisbətən daha aşağı bal toplayıblar.

Bu fərqin əsas səbəbi kimi imtahanda riyazi xarakterli məntiq suallarının üstünlük təşkil etməsi və bu tip tapşırıqların humanitar sahə məzunları üçün çətinlik yaratması göstərilir.

Digər tərəfdən, xarici dil və informatika məktəb proqramında tədris olunduğu halda, məntiq fənni dərsliklərdə və ümumi təhsil sistemində yer almır.

Maraqlıdır, məntiq fənnində hansı dəyişiklik edilsə, nəticələrdə balans qorunmuş olar?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi danışıb.

O qeyd edib ki, bir tərəfin zəif, digər tərəfin isə yüksək nəticə göstərməsi ümumi prosesdə hər bir iştirakçı üçün bərabər imkanların yaradıldığını deməyə əsas vermir. Bu baxımdan, sualların balanslı şəkildə tərtib olunması daha məqsədəuyğundur.

“Qeyd edim ki, Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya keçirilən qəbul imtahanında bakalavrların, xüsusilə humanitar yönümlü ixtisasları bitirənlərin çətinlik çəkdiklərini bildirmələri sualların ümumi təhlili ilə nəticələndi. Məlum oldu ki, imtahanda verbal suallar azlıq təşkil edib, əsasən riyazi istiqamətli suallar üstünlük təşkil edib.

Təbii ki, hər iki istiqamət üzrə iştirakçıların sualları cavablandıra bilməsi üçün düşünürəm ki, verbal sualların sayının bir qədər artırılması və ya bəzi vizual tapşırıqların sayının çoxaldılması məqsədəuyğun olar. Riyazi məntiq sualları ilə müqayisədə hər iki istiqamət üzrə iştirak edənlər üçün daha əlverişli balans yaradılmalıdır. Yəqin ki, may ayında keçiriləcək ikinci cəhd imtahanında Dövlət İmtahan Mərkəzi bu amili nəzərə alacaq. Çünki bir tərəfin zəif, digər tərəfin isə yüksək nəticə göstərməsi ümumi prosesdə hər kəs üçün bərabər imkanların yaradıldığını deməyə imkan vermir. Ona görə də balanslı sualların hazırlanması daha məqsədəuyğundur".

Məntiq fənni həm magistratura, həm dövlət qulluğu, həm də “Yüksəliş” imtahanlarında yer aldığı üçün ən azı 11-ci sinifdə və ya ali təhsilin bütün ixtisaslarında tədris olunmalıdır:

“Digər məsələyə gəldikdə, bildiyimiz kimi, məntiq fənni hazırda ümumi təhsil müəssisələrində tədris olunmur. Halbuki əvvəllər məktəblərdə bu fənn tədris edilirdi. Son illərdə isə ümumiyyətlə təhsil müəssisələrində məntiq fənni yer almır. Yalnız ali təhsil müəssisələrinin bəzi ixtisaslarında, zəruri hesab olunduğu hallarda, məsələn, hüquqşünaslıq, sosial iş, fəlsəfə və bir sıra digər ixtisaslarda - məntiq fənni tədris olunur.

Amma bütün ixtisaslarda ali təhsil səviyyəsində məntiq fənni keçilirmi? Əlbəttə ki, yox. Bu məsələnin həlli üçün düşünürəm ki, ümumi təhsil müəssisələrində, yuxarı təhsil pilləsində ən azı 11-ci sinifdə məntiq fənninin həftədə bir və ya iki saat tədris olunması məqsədəuyğun ola bilər. Düzdür, belə təkliflər irəli sürüldükdə dünyanın bir çox ölkələrində qəbul prosedurlarında məntiq fənni tədris olunmadan da imtahanların keçirildiyi və namizədlərin ümumi zəka səviyyəsinin yoxlanıldığı qeyd olunur.

Lakin məsələ ondan ibarətdir ki, ümumi zəka yoxlanılarkən yalnız riyazi məntiq üzərindən qiymətləndirmə aparılmır, digər bacarıqlar da nəzərə alınır. Müəyyən sualları cavablandırmaq mümkün olsa da, riyazi təfəkkürü ölçən tapşırıqlarda çətinliklər yaranır. Bu səbəbdən hesab edirəm ki, məntiq fənni ilə bağlı müəyyən addımlar atılmalıdır. Çünki bu fənn həm magistratura proqramında, həm dövlət qulluğuna qəbul prosesində, həm də son illərdə keçirilən “Yüksəliş” müsabiqəsində yer alır. Ona görə də ali təhsil müəssisələrinin bütün ixtisaslarında məntiq fənninin tədrisi təmin edilməlidir. İstər birinci kursdan başlayaraq, istərsə də sonuncu kursda. Bəlkə də bu yolla mövcud problemin həllinə nail olmaq mümkün olar".

Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı
Son xəbərlərDaha çox