2024-cü ildən etibarən magistraturaya qəbul zamanı xarici dil üzrə esse yazılması tələb olunur.
Bu prosesin birbaşa iştirakçıları və müşahidəçiləri olaraq belə bir sual yaranır: esse yazısını uğurla yerinə yetirənlər varmı və ümumiyyətlə, namizədlər bu tapşırığın öhdəsindən gələ bilirlərmi? Esse yazanlar çoxluq təşkil edir, yoxsa yazmayanlar?
Mövzu ilə bağlı AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb.
Sınaq imtahanları zamanı müşahidələr göstərir ki, bakalavrların bir qismi esse yazmaqdan çəkinir:
“Namizədlər esseni əlavə yük kimi qəbul edirlər. Hətta esse yazanların əksəriyyətində nəticə balları kifayət qədər aşağı olur.
Eyni vəziyyət qəbul imtahanlarında da müşahidə olunur. Namizədlər listening və writing tapşırıqlarından daha çox yayınmağa çalışırlar, çünki onların əksəriyyəti xarici dil üzrə ixtisaslaşmayıblar. Onlar yazıçı, tarixçi və ya digər sahələrin nümayəndəsi ola bilərlər və əsas diqqətləri öz ixtisas fənlərindədir. Buna görə listening və writing bacarıqlarının yüksək səviyyədə olmaması müəyyən qədər normal sayılır.
Ümumilikdə, bu bacarıqların yoxlanılması onların yaxşı kadr kimi seçilməsinə müəyyən mənada maneə yarada bilər. Məsələn, bir şəxs çox yaxşı tarixçi ola bilər, lakin ingilis dili üzrə yalnız minimal səviyyədə biliklərə sahibdir”.
Xarici dil üzrə yazı işlərinin aparılması bakalavrlar tərəfindən kifayət qədər az qarşılanır və çox az sayda namizəd esse yazır:
“Artıq məlumdur ki, writing ilə bağlı, xüsusilə ingilis bölməsində oxuyanlar üçün minimal tələblər müəyyən edilib və onlar bu şərtləri mütləq ödəməlidirlər. Bu, ingilis bölməsi üçün normal sayıla bilər. Lakin Azərbaycan bölməsində oxuyanlar üçün writing yazmaq və listening suallarını bu səviyyədə cavablandırmaq tələbinin qoyulması, düşünürəm ki, o qədər də məqbul deyil.
Onların daha çox öz ixtisasları üzrə imtahan olunması daha məqsədəuyğun olardı. Bildiyiniz kimi, son illərdə artıq ixtisas imtahanı keçirilmir və seçim əsasən digər meyarlar əsasında aparılır. İngilis dili üzrə yazı işlərinin aparılması isə abituriyentlər tərəfindən kifayət qədər az qarşılanır, çox az sayda namizəd esse yazır. Hətta yazanlar arasında da bəzən yoxlama prosesində müəyyən çətinliklərlə qarşılaşırıq, çünki say baxımından bunu operativ şəkildə çatdırmaq mümkün olmur.
Düşünürəm ki, gələcəkdə bu prosesin texniki vasitələrdən istifadə etməklə daha təkmil şəkildə təşkili, həm yoxlanılmanın, həm də ümumilikdə imtahanın sertifikatlaşdırma mexanizmi vasitəsilə həyata keçirilməsi işi daha da asanlaşdıra bilər”.