Bakalavrlar arasında müşahidə olunan bir tendensiyaya görə, magistratura imtahanlarının ikinci cəhdi birinci cəhddən daha asan görünür və bir çox tələbələr ikinci cəhddə daha yaxşı nəticələr əldə edirlər.
Maraqlıdır, bakalavrlar niyə magistratura imtahanının ikinci cəhdinin birinciyə nisbətən daha asan gəldiyini hiss edirlər?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb.
O qeyd edib ki, əgər birinci cəhddə müsabiqə şərtini keçənlərin sayı plan yerlərindən az olarsa, Dövlət İmtahan Mərkəzi həmin boşluğu doldurmaq üçün ikinci cəhd imtahanını daha asan tərtib etməyə məcbur olur.
"Dövlət İmtahan Mərkəzi birinci cəhd imtahanında ümumi nəbzi tutur. Bu imtahanın suallarının bir az çətin olması, iştirak edən bakalavrların ümumi səviyyəsini müəyyənləşdirir. Məsələn, deyək ki, 23 min bakalavr imtahanda iştirak edib, yəni sənəd verib. Bununla yanaşı, dövlətin ayırdığı plan yeri 17 min ətrafındadır. Bu halda, 17 min plan yeri üçün müsabiqə şərtlərini keçən bakalavrların sayı müəyyənləşdiriləcək.
Tutaq ki, 23 min müraciət edən bakalavrdan 5-6 min nəfəri müsabiqə şərtlərini keçə bilməyib, nəticədə müsabiqə şərtlərini ödəyənlərin sayı təqribən 15 min və ya 16 minə düşür. Lakin plan yerinin sayı 17 min olduğu üçün, müsabiqə şərtini ödəyənlərin sayı bu saydan azdır. Buna görə də, Dövlət İmtahan Mərkəzi məcburiyyət qarşısında qalır ki, ikinci cəhd magistratura imtahanını daha asan tərtib etsin".
İmtahanın çətinliyi davam edərsə, plan yerləri tam dolmaya bilər:
“Təbii ki, imtahan nəticələri açıqlanandan sonra vəziyyət tam dəqiq məlum olacaq, amma ümumilikdə belədir: dövlətin ayırdığı plan yerləri 17 min olsa da, magistratura imtahanında müsabiqə şərtlərini ödəyənlərin sayı ən azı 20 min olmalıdır ki, müsabiqə daha şəffaf və obyektiv keçirilsin və daha qızğın rəqabət baş versin.
Lakin müsabiqə şərtlərini ödəyənlərin sayı az olduqda plan yerləri boş qalır. Məsələn, keçən il təqribən 3 min yer boş qalmışdı.
Hesab edirəm ki, keçirilən birinci cəhd imtahanında iştirak edən bakalavrların əksəriyyəti imtahanı çətin hesab edib. Bu vəziyyəti nəzərə alaraq, ehtimal olunur ki, ikinci cəhd imtahanı daha asan keçiriləcək. Nəticələr açıqlanandan sonra dəqiq vəziyyət məlum olacaq, amma Dövlət İmtahan Mərkəzi, əgər imtahanın çətinliyi davam edərsə, ikinci cəhdin daha asan olmasını təmin etmək üçün müvafiq tədbirlər görəcək. Çünki əks halda, dövlətin ayırdığı plan yerləri tam dolmayacaq".