Azedu.az

Ən keyfiyyətli magistratura təhsili verən Azərbaycan UNİVERSİTETLƏRİ

Magistratura

11 Fevral 2026, 11:59
Ən keyfiyyətli magistratura təhsili verən Azərbaycan UNİVERSİTETLƏRİ

Son illər ölkəmizdə aktual mövzulardan biri də magistratura təhsilidir. Belə ki, cəmiyyətimizdə bir çoxları düşünür ki, magistratura oxumaq vaxt itkisidir. Çünki bakalavr təhsilindən heç də fərqlənmir. Fikirlər, təbii ki, müxtəlifdir. Bir çoxları isə bu fikirlə razılaşmır.

Ancaq reallıqda magistraturaya sənəd verənlərin sayında hər il cüzi də olsa artım müşahidə olunur. Elə 15 fevralda magistraturanın birinci cəhdi üzrə imtahan keçiriləcək. 

Dövlət İmtahan Mərkəzinin 2024-2025-ci tədris ili üçün tərtib etdiyi “Abituriyent 12” jurnalında magistratura səviyyəsi üzrə qəbul planı ilə bağlı məlumatlar yer alıb. Jurnalda qeyd olunur ki, ən çox qəbul plan yeri Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ayrılıb - 2480 yer.

Plan yerlərinin sayına görə növbəti sıralarda Azərbaycan Texniki Universiteti (2063 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1502 yer), Bakı Dövlət Universiteti (1436 yer) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (1077 yer) qərarlaşıb.

Ümumilikdə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ötən il 15 902 plan yeri ayrılıb. Bu yerlərin 10 994-ü (69 faiz) Azərbaycan bölməsi üzrədir. 7601 yer (47,8 faiz) isə müsabiqə üçün nəzərdə tutulub.

Dövlət sifarişi əsasında qəbul aparılan yerlərin sayı 4065-dir ki, bu da ümumi qəbul planının 40,5 faizini təşkil edir. Dövlət sifarişi yerlərinin 1691-i (41,6 faiz) təhsil ixtisaslarına, 680-i (16,7 faiz) isə səhiyyə ixtisaslarına ayrılıb.

Bundan əlavə, Azərbaycan bölməsi üzrə plan yerlərinin nisbəti ötən illə müqayisədə 66,39 faizdən 69,05 faizə yüksəlib. Rus bölməsinin payı 5,55 faizdən 4,78 faizə, hər iki bölmə üzrə birgə müsabiqə yerlərinin payı isə 28,06 faizdən 26,17 faizə qədər azalıb.

Məlumdur ki, ölkəmizdə bir çox universitetlərdə magistratura təhsili mövcuddur. Lakin hamısında təhsil eyni səviyyədə deyil.

AzEdu.az bu səbəbdən Azərbaycan universitetləri arasında ən yaxşı magistratura təhsili verən ali məktəblər haqqında mütəxəssislərlə həmsöhbət olub. 

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, İlqar Orucovun fikrincə, ixtisaslaşmalar üzrə ən yaxşı magistratura təhsili verən ali məktəblər bunlardır:

"Azərbaycanda magistratura pilləsində təhsil keyfiyyətindən danışarkən, hesab edirəm ki, təhsilin keyfiyyətini fərqləndirən vacib indikatorlara diqqət yetirməliyik. Yəni ali təhsil müəssisələrini həm beynəlxalq reytinqlərdəki mövqeyinə, həm də konkret ixtisas sahələri üzrə əmək bazarındakı nüfuzuna görə dəyərləndirmək yanaşmamızı daha obyektiv edir. Azərbaycanda, təbii ki, magistratura pilləsində keyfiyyətli təhsili ilə seçilən universitetlər mövcuddur:

Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyat və biznes sahəsində ölkənin lider universitetidir. Burada 19 ixtisas üzrə, eyni zamanda 56 ixtisaslaşma üzrə qəbul aparılır. UNEC Biznes Məktəbi MBA proqramı üzrə ölkədə birinci yerdədir və beynəlxalq reytinqlərdə 56-cı pillədə qərarlaşıb. Universitetdə ikili diplom proqramları mövcuddur və ən vacib məqamlardan biri də məzunların məşğulluq səviyyəsidir ki, bu göstərici 89 faizdən bir qədər yuxarıdır.

Eyni zamanda Bakı Dövlət Universiteti fundamental elmlər, hüquq və humanitar sahələr üzrə ən güclü bazaya malik ali təhsil müəssisələrindən biridir. Bunun əsas səbəblərindən biri universitetin zəngin tarixi və formalaşmış elmi ənənələridir. Uzun müddət ölkədə “universitet” anlayışı məhz Bakı Dövlət Universiteti ilə assosiasiya olunurdu. Universitetin bünövrəsi və tarixi burada fundamental elmlər, hüquq və humanitar sahələr üzrə güclü elmi bazanın formalaşmasına şərait yaradıb. Bu istiqamətlər üzrə universitetin göstəricilərinin yüksək olduğunu və ikili diplom proqramlarının da həyata keçirildiyini qeyd etmək olar.

Növbəti universitet kimi ADA Universitetini dəyərləndirərdim. Burada beynəlxalq standartlara uyğun təhsil və ingilis dilli mühit mövcuddur. Universitetin beynəlxalq əməkdaşlığı, ikili diplom proqramları və təhsil müddətində tələbələr üçün yaradılmış təcrübə imkanları olduqca önəmlidir. Xüsusilə dövlət idarəçiliyi, diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura proqramları baxımından ən nüfuzlu universitetlərdən biri hesab edilə bilər.

Dördüncü universitet kimi Bakı Ali Neft Məktəbini qeyd etmək olar. SOCAR və beynəlxalq enerji şirkətləri ilə sıx əməkdaşlıq nəticəsində məzunların işlə təmin olunma faizi kifayət qədər yüksəkdir. Burada avtomatika, neft-qaz mühəndisliyi və bərpa olunan enerji sahələrində keyfiyyətli magistratura təhsili verilir.

Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də bu istiqamətlər üzrə kifayət qədər yaxşı imkanlar təqdim olunur. Magistratura təhsili, bildiyimiz kimi, yalnız tədrislə məhdudlaşmamalı, həm də elmi-tədqiqat üçün güclü baza - laboratoriyalar, tədqiqat mühiti və texniki imkanlar olmalıdır. Bunlar olduqca vacib amillərdir.

Əmək bazarı ilə əlaqə, tədqiqat mühiti, keyfiyyətli təhsil, ikili diplom proqramları, beynəlxalq əməkdaşlıq və məzunların işlə təmin olunma faizi kimi göstəriciləri nəzərə alaraq düşünürəm ki, adını çəkdiyim universitetlər həqiqətən də seçilən ali təhsil müəssisələridir.

Yəni fundamental elmlər və hüquq sahəsində magistratura üzrə keyfiyyətli təhsil dedikdə Bakı Dövlət Universitetini, diplomatiya və beynəlxalq idarəetmə üzrə ADA Universitetini, biznes və maliyyə ixtisaslaşmaları üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, mühəndislik sahələri üzrə isə Bakı Ali Neft Məktəbini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetini yaxşı nümunələr kimi fərqləndirmək olar"-deyə müsahibimiz qeyd edib. 

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi ingilis dili müəllimi Günay Əkbərova danışıb.

Günay Əkbərova: Qarabağ Universiteti regionda yeni intellektual dinamika yaradır

O, qeyd edib ki, magistratura üçün “ən yaxşı universitet” anlayışı hamı üçün eyni olmur:

"Bu suala cavab verəndə bir məqamı xüsusi vurğulamaq istəyirəm: magistratura pilləsində təhsilin keyfiyyəti təkcə universitetin adından yox, proqramın məzmunu, akademik heyət, tədqiqat mühiti və tələbənin öz motivasiyasından çox asılıdır. Ona görə də hansısa ali məktəbi “ən yaxşı”, digərini isə “zəif” kimi təqdim etmək düzgün olmaz. Bununla belə, Azərbaycanda magistratura təhsilində keyfiyyəti ilə seçilən və cəmiyyətdə formalaşmış akademik reputasiyası olan ali təhsil müəssisələri var.

Paytaxt universitetləri arasında ənənəvi olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti magistratura səviyyəsində həm elmi-tədqiqat yönümlü, həm də praktik bacarıqlara əsaslanan proqramları ilə tanınır. Bu universitetlərdə elmi rəhbərlik sistemi, beynəlxalq əməkdaşlıqlar və akademik mühit magistrantın inkişafı üçün real imkanlar yaradır".

Universitet adları yol açır, amma yolu gedən yenə də tələbənin özüdür:

"Eyni zamanda, region universitetlərinin rolu son illərdə xüsusilə güclənib və bunu açıq demək lazımdır. Məsələn, Qarabağ Universiteti yeni formalaşmasına baxmayaraq müasir yanaşma, yenilənən proqramlar və motivasiyalı akademik heyətlə diqqət çəkir. Mingəçevir Dövlət Universiteti regional inkişafla uzlaşan magistr proqramları və tətbiqi yönümlü tədqiqatlarla seçilir. Sumqayıt Dövlət Universiteti isə sənaye, təhsil və sosial sahələr üzrə magistratura proqramlarını tədricən gücləndirən ali məktəblərdəndir. Bundan başqa, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti də magistratura təhsilində öz istiqamətləri üzrə ciddi potensiala malikdir.

Sonda səmimi şəkildə deyim: magistratura üçün “ən yaxşı universitet” anlayışı hamı üçün eyni olmur. Kimsə üçün güclü elmi məktəb önəmlidir, kimsə üçün praktik bilik, kimsə üçün isə regionda oxuyub real təsir yaratmaq. Əsas olan – seçilən proqramın keyfiyyəti, elmi rəhbərin səviyyəsi və tələbənin bu prosesi nə qədər ciddiyə almasıdır. Universitet adları yol açır, amma yolu gedən yenə də tələbənin özüdür".

Raketlər İrana tuşlandı - Hücum başlayır
Son xəbərlərDaha çox