Azedu.az

Formal dissertasiyaların problemi: “Magistr və doktoranturada real nəticə yoxdur”

Magistratura

29 Yanvar 2026, 12:55
Formal dissertasiyaların problemi: “Magistr və doktoranturada real nəticə yoxdur”

Milli Məclisin deputatı Vasif Qafarovun Elm və təhsil komitəsinin son iclasında səsləndirdiyi fikirlər təhsil ictimaiyyətində maraq doğurub. O, çıxışı zamanı ali təhsildə magistratura və doktorantura səviyyələrinin səmərəliliyi, elmi tədqiqatların keyfiyyəti, dissertasiya müdafiəsi mexanizmləri və digər mühüm məsələlərlə bağlı bir sıra təkliflər irəli sürüb.

AzEdu.az-a mövzu ilə bağlı təhsil tədqiqatçısı Rasim Həsənzadə danışıb.

176741

Müsahibimiz qeyd edib ki, bu istiqamətdə atılmalı olan ilk və ən vacib addımlardan biri beynəlxalq təcrübəyə əsaslanan vahid milli dissertasiya mərkəzinin yaradılmasıdır:

"Milli Məclisin deputatı Vasif Qafarovun ali təhsildə magistratura və doktorantura sisteminə dair səsləndirdiyi fikirlər uzun illərdir akademik ictimaiyyətdə müzakirə olunan, lakin real institusional həllini tapmayan fundamental problemləri açıq şəkildə ortaya qoyur. Xüsusilə magistr dissertasiyalarının böyük əksəriyyətinin elmi dəyər yaratmaması artıq sistemin yenilənməsinin zəruriliyini göstərən bir problemdir və bu məsələyə kosmetik dəyişikliklərlə deyil, köklü yanaşma ilə baxılmalıdır.

Qardaş ölkə Türkiyədə uzun illərdir tətbiq edilən “YÖKTEZ” modeli bu baxımdan uğurlu nümunədir. Azərbaycanda magistratura və doktorantura səviyyəsində yazılan bütün dissertasiyalar vahid rəqəmsal bazada toplanmalı, bu işlər açıq istinad üçün əlçatan olmalı, mövzu təkrarı, plagiat və formal tədqiqatlara qarşı real nəzarət mexanizmi formalaşdırılmalıdır. Bu gün yüzlərlə magistr dissertasiyası yazılır, lakin onların nə elmi dövriyyədə rolu var, nə də sonrakı tədqiqatlar üçün istinad mənbəyi kimi istifadə olunur. Bu isə elmi ardıcıllığın faktiki olaraq mövcud olmadığını göstərir".

Digər mühüm və ciddi problem magistr dissertasiya mövzularının seçilmə mexanizmi ilə bağlıdır:

"Hazırkı praktikada mövzular əsasən kafedralar tərəfindən formal şəkildə, çox zaman eyni müəllimlərin təklif etdiyi şablon başlıqlar əsasında müəyyən edilir. Tələbə isə bu prosesdə passiv icraçıya çevrilir. Halbuki elmi tədqiqatın mahiyyəti ondan ibarətdir ki, mövzu tələbənin elmi maraqlarına, tədqiqat potensialına və real, aktual problemlərə əsaslansın. Mövcud dissertasiya adlarına nəzər saldıqda, məsələn “Azərbaycanda İnklüziv Təhsilin Problemləri və Həlli yolları” mövzusunda onlarla, bəlkə də yüzlərlə magistr işi yazıldığını görürük. Amma real həyatda bu problem nə həll olunub, nə də ciddi elmi yenilik ortaya çıxıb. Bu fakt bir daha göstərir ki, mövzuların aktuallığı və tədqiqat sualının keyfiyyəti ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir.

Eyni zamanda magistr dissertasiyalarının yazılma qaydaları da müasir elmi tələblərlə tam ziddiyyət təşkil edir. Hazırda qüvvədə olan normativ sənəd Nazirlik tərəfindən 1999-cu ildə hazırlanıb və dissertasiya işinin həcminin 75 səhifədən çox olmaması kimi bu gün üçün artıq mənasını itirmiş məhdudiyyətlər mövcuddur. Müasir elmi tədqiqat sadəcə mətn həcmi ilə ölçülmür, burada metodologiya, analiz, istifadə olunan məlumat bazası, istinad mədəniyyəti və nəticələrin elmi çəkisi əsas rol oynayır. Bu səbəbdən dissertasiya yazılışı ilə bağlı normativ baza yenilənməli, müasir tədqiqat metodları, keyfiyyət və kəmiyyət analizləri, beynəlxalq istinad sistemləri və akademik yazı standartları bu sənədlərdə əksini tapmalıdır".

Doktorantura səviyyəsində isə problemlər daha dərindir:

"Hazırda Azərbaycanda mövcud olan ikipilləli – fəlsəfə doktoru və elmlər doktoru sistemi sovet dövründən qalma, artıq beynəlxalq akademik mühitlə uyğunluğu olmayan bir modeldir. Dünyanın əksər ölkələrində doktorantura birmərhələli sistem üzərində qurulub və doktoranturanı bitirən şəxs birbaşa “doktor” elmi dərəcəsi alır. Bu sistem həm daha çevikdir, həm də tədqiqatçıdan konkret elmi nəticə tələb edir. Azərbaycanda isə bu ikipilləli model elmi prosesi uzadır, bürokratikləşdirir və formal mərhələlərin sayını artırır.

Bu baxımdan doktorantura səviyyəsində birpilləli sistemə keçid artıq seçim deyil, zərurətdir. Mövcud bürokratik prosedurlar, hesabatçılıq və formal seminarlar azaldılmalı, əvəzində real elmi nəticəyə fokuslanan, tədqiqatçı yetişdirən model tətbiq olunmalıdır. Əks halda nə magistratura, nə də doktorantura mərhələsi ali təhsilin əsas missiyası olan tədqiqatçı yetişdirmək funksiyasını yerinə yetirə bilməyəcək.

Nəticə etibarilə, deputat Vasif Qafarovun qaldırdığı məsələlər təsadüfi deyil və artıq sistemli qərarlar üçün ciddi əsas yaradır. Bu problemlər yalnız fərdi səylərlə deyil, vahid strateji yanaşma və institusional islahatlarla həll oluna bilər. Əks halda ali təhsildə dissertasiya institutunun formal xarakteri daha da dərinləşəcək və elmi keyfiyyət problemi davam edəcək".

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox