Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə qəbul imtahanının (I cəhd) 2026-cı il fevralın 15-də keçirilməsi nəzərdə tutulur.
Maraqlı məqam isə ondan ibarətdir ki, bu il imtahan suallarının çətinlik səviyyəsi keçən illə müqayisədə necə olacaq? Magistraturada hansı yeniliklər gözlənilir?
AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev açıqlama verib.
Müsahibimiz qeyd edib ki, bu il testlərin formasında kifayət qədər dəyişikliklər ediləcək:
“İmtahanın çətinlik səviyyəsi əvvəlki illərdə olduğu kimi qalacaq, yəni xüsusi bir çətinləşmə gözlənilmir. 50 məntiq sualının təxminən üçdə biri asan, üçdə biri orta, üçdə biri isə nisbətən çətin səviyyədə olacaq.
Bu il testlərin formasında kifayət qədər dəyişikliklər ediləcək. Əvvəlki illərdə təkrar sualların düşmə ehtimalı daha yüksək idi. Bu il isə bunun qarşısı alınacaq. Eyni zamanda, yeni test modellərindən istifadə olunacaq. Belə ki, Dövlət İmtahan Mərkəzinin yeni baza testlərindən istifadə ediləcək.
Həmçinin, ingilis bölməsini seçmək istəyən abituriyentlər esse yazı işindən 5 bal üzərindən mütləq ən azı 2 bal toplamalıdırlar. Azərbaycan və rus bölmələrini seçmək istəyənlər üçün isə esse üzrə bal məhdudiyyəti nəzərdə tutulmur”.