Azedu.az

Tibb kolleclərinə qəbul qaydaları DƏYİŞMƏLİDİR?

Kolleclər

28 Yanvar 2026, 09:11
Tibb kolleclərinə qəbul qaydaları DƏYİŞMƏLİDİR?

Tibb təhsili sadəcə bir diplom deyil, insan həyatına toxunmaq məsuliyyətidir. Məlumdur ki, hazırda Azərbaycanda kolleclərə, o cümlədən tibb kolleclərinə qəbul mövcud qaydalara əsasən yalnız buraxılış imtahanı nəticələrinə görə aparılır.

Lakin tibb sahəsinin birbaşa insan sağlamlığı və həyatı ilə bağlı yüksək məsuliyyətli bir sahə olması bu istiqamətdə təhsil alanlardan fundamental biologiya və kimya biliklərinə sahib olmağı tələb edir.

Bu gün Azərbaycanda tibb kolleclərinə qəbulun yalnız buraxılış imtahanı nəticələrinə əsaslanması təhsil ictimaiyyətində mühüm bir sual doğurur: riyaziyyat və dil bilikləri biologiya və kimyanın fundamental dərinliyini əvəz edə bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizov açıqlama verib.

O, qeyd edib ki, tibb kolleci üçün buraxılış imtahanı kifayət deyil. Fundamental biliklərin yoxluğu öyrənmə sürətini ləngidir:

"11-ci sinif buraxılış imtahanı zamanı tədris dili, riyaziyyat və xarici dil üzrə suallar tərtib olunur. Bu imtahan ümumi savadlılığı, məntiqi düşüncəni və qeyd olunan fənlər üzrə minimum bilik səviyyəsini ölçür. Lakin tibb kolleci üçün bu ölçmə kifayət qədər hədəfli deyil. Çünki fundamental biologiya və kimya üzrə baza bilikləri zəif olan bir tələbə anatomiya, fiziologiya, farmakologiya kimi fənləri daha gec və səthi mənimsəyir, dərslərdə əsas anlayışları başa düşməkdə çətinlik çəkir, mexaniki əzbərə meyl edir və praktiki məşğələlərdə qərarvermə, eləcə də səbəb-nəticə əlaqəsini qurmaqda zəif olur. Təbii ki, bütün bunlar birbaşa öyrənmə sürətinin aşağı düşməsinə səbəb olur. Ümumilikdə isə qeyd etmək olar ki, tibb sahəsinin spesifikliyi nəzərə alınarsa, təkcə buraxılış imtahanı kifayət deyil.

Qeyd olunan hallar öz növbəsində “zəif kadr” riskini də yaradır. Bu risk xüsusilə tələbə tibb sahəsini şüurlu seçim deyil, sadəcə “bal çatdı” və ya “valideyn istəyi” prinsipi ilə seçibsə və praktik bacarıqlara ciddi nəzarət mexanizmi yoxdursa, daha da artır".

3 il ərzində peşəkar kadr olmaq tələbənin öz əlindədir:

"Bununla yanaşı, tibb kolleclərində tələbələr 3 il ərzində əsasən həkimə köməkçi deyil, müstəqil işləyə bilən orta tibb işçisi kimi formalaşmaq üçün həm nəzəri, həm də praktik biliklər əldə edirlər. Proqram kollec və ixtisasdan asılı olaraq dəyişsə də, fundamental tibbi fənlər, klinik və ixtisas fənləri tədris olunur, ən vacib praktiki bacarıqlar aşılanır. Adətən tibb kolleclərinə qəbul olan abituriyentlərin balları yüksək olur. Maksimal 300 baldan 120-150 bal aralığında nəticə göstərən abituriyentlər müxtəlif tibb kolleclərinin mövcud ixtisaslarına qəbul ola bilirlər. Bu balı toplayan abituriyent zəif hesab edilmir və tədris müddətində keçirilən fənləri qavraya bilir. Bundan əlavə, orta məktəbdə biologiya və kimya fənlərinin tədrisi zamanı da müəyyən baza bilikləri əldə etmək mümkündür. Yəni tələbə 3 il ərzində öz üzərində ciddi şəkildə işlədiyi halda peşəkar kadr kimi formalaşa bilər".

Zeynəb Tehranlı

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox