Son illərdə orta və ali təhsil sistemində həyata keçirilən islahatlar imtahan modelinin yenidən nəzərdən keçirilməsini aktuallaşdırır. Bu baxımdan tarix və informatika kimi strateji əhəmiyyət daşıyan fənlərin gələcəkdə buraxılış və ya qəbul imtahanında təqdim edilməsi məsələsi gündəmə gəlir.
Tarix fənni şagirdlərin milli kimlik, vətəndaşlıq şüuru və analitik düşünmə bacarıqlarını formalaşdırdığı halda, informatika müasir rəqəmsal dünyada zəruri olan texnoloji savadlılığın əsasını təşkil edir.
Tarix fənninin buraxılış və ya qəbul imtahanına daxil edilməsi şagirdlərin analitik və vətəndaşlıq bacarıqlarının inkişafına necə təsir edə bilər? İnformatikanın imtahan fənni kimi tətbiqi rəqəmsal savadlılığın artırılmasına hansı şəkildə töhfə verə bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Ramin Nurəliyev, ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti qeyd edib ki, müzakirələr əlbəttə ki, rəsmi deyil, yalnız sosial mediada yayılan fərdi fikir və təkliflərdir:

"Tarix fənni də, informatika fənni də hazırda qəbul imtahanlarında mövcuddur. Məsələn, 2-ci və 3-cü ixtisas qruplarında tarix, 1-ci qrupun riyaziyyat-informatika alt qrupunda isə informatika fənni var. Abituriyentlər həmin fənlərdən imtahan verərək uyğun ixtisaslara qəbul olurlar.
Lakin digər qruplarda, xüsusilə 1-ci və 4-cü ixtisas qruplarında tarix fənninin əlavə edilməsi o qədər də əhəmiyyətli deyil. Çünki tibb sahəsində təhsil alan hər kəs onsuz da orta məktəbdə tarix fənnini öyrənir və dövlətçilik, milli qəhrəmanlar barədə əsas biliklərə malik olur. Bu bilikləri qəbul imtahanında yoxlamaq vacib deyil.
Eyni fikir informatika fənni üçün də keçərlidir. İT yönümlü ixtisaslarda informatika fənni var. Amma digər ixtisaslarda informatikanın imtahana salınması məqsədəuyğun deyil. Onsuz da orta və ali təhsildə bu fənn tədris olunur. Qəbul imtahanına əlavə edilməsi sadəcə abituriyentlərin yükünü artıracaq. Beynəlxalq təcrübəyə baxsaq, bir çox ölkələrdə abituriyentlər yalnız 1-2 fəndən imtahan verirlər. Bizdə isə 5-6 fənn tələb olunur ki, bu da çoxdur. Bu qədər yüklə abituriyentlər ciddi stress keçirirlər. Hətta müəllimlər bir fənn üzrə sertifikasiyaya hazırlaşıb keçə bilmirlərsə, abituriyentlərdən 5-6 fənn öyrənməsini tələb etmək real deyil.
Təklifimiz ondan ibarətdir ki, qəbul imtahanında fənlərin sayı azaldılsın. Beynəlxalq imtahanlarda (SAT, IELTS, TOEFL və s.) bu sistem uğurla işləyir. Bəzi ölkələrdə ümumi məktəb nəticələri əsasında qəbul aparılır, ayrıca imtahan belə keçirilmir. Əlavə olaraq, tarix və informatikanın imtahanlara salınması valideynlər üçün də əlavə maddi yük yaradır. Repetitor, əlavə hazırlıq, resurslar – bütün bunlar əlavə xərc deməkdir. Sonda bir daha vurğulayıram: bu yanaşma abituriyentlər üçün yükü artıracaq və məqsədəuyğun deyil. Mən bu təklifin tərəfdarı deyiləm".
Ekspert söyləyib ki, qəbul imtahanlarında fənlərin sayını azaltmağa çalışmalıyıq:
"Bəli, süni intellekt dövründə yaşayırıq, rəqəmsal texnologiyalar inkişaf edir, komputer yönümlü sahələrə maraq artır və informatika fənninə ehtiyac var, bunu qəbul edirik. Amma gəlin etiraf edək: biz bu sahələri daha çox ali təhsil müəssisələrində tədris etsək, daha faydalı olmazmı?
Orta məktəbi bitirib universitetə hazırlaşan abituriyentin qəbul imtahanına bu və ya digər fənni əlavə etməklə nə öyrətmiş oluruq? Hansı sahəni seçirsə, həmin sahə üzrə dərin bilikləri universitetdə əldə etməlidir. Məsələn, mühəndis olmaq istəyən bir şagirdin tarixdən imtahan verməsinə nə ehtiyac var? Tarixi onsuz da orta məktəbdə kifayət qədər keçirlər. Qəbul imtahanında tarix fənni üzrə suallar salmaqla, şagird tariximizi daha yaxşı mənimsəyəcəkmi? Beş-on il sonra bu fənn ona hansı şəkildə lazım olacaq? Əsas olan öz sahəsi üzrə bacarıqlarıdır.
Bəli, ana dili vacibdir, çünki gələcək peşəsində düzgün nitq və yazı qabiliyyəti lazımdır. Amma informatika və digər əlavə fənlərin qəbul imtahanında yer alması məncə o qədər də məqsədəuyğun deyil. Onsuz da kifayət qədər fənn var, və şagirdlər 5-6 fəndən əziyyətlə imtahan verirlər. Biz qəbul prosesini sadələşdirməliyik, universitetdəki tədris prosesinə isə daha çox güc verməliyik. Hazırda isə tam tərsidir: universitetə qəbul çətindir, tədris isə zəif.
Məsələn, Almaniyada orta məktəbi bitirən bir şagird imtahansız universitetə qəbul ola bilir. Amma universitetdə ciddi nəzarət və tələblər var. Bizdə də belə olmalıdır: qəbul prosesi asan, ali məktəbdə təhsil prosesi çətin. Reallıq budur ki, universiteti bitirən gənclərimizin praktik bacarıqları çox zəifdir, əmək bazarına çıxanda yalnız nəzəri bilikləri kifayət etmir. Ona görə də işəgötürənlər daha çox xaricdə təhsil alanlara üstünlük verirlər.
Bütün bunları nəzərə alaraq, qəbul prosesini yüngülləşdirib universitet təhsilinin keyfiyyətini artırmaq lazımdır. Əks halda, yorğun, stressli abituriyent universitet başlayandan sonra laqeyd olur. İmtahanlardan, qeydiyyatdan, seçimlərdən keçib birbaşa dərsə başlamaq gənclərimizi yükləyir. Ona görə də sistemdə bu dəyişikliklər mütləq nəzərə alınmalıdır".