Azedu.az

Hansı universitetlərdə semestr imtahanları tam elektronlaşıb? - SORĞU

İmtahanlar

26 Noyabr 2025, 13:12
Hansı universitetlərdə semestr imtahanları tam elektronlaşıb? - SORĞU

Azərbaycanda ali təhsil müəssisələrində imtahanların keçirilməsi prosesi getdikcə elektronlaşma istiqamətində inkişaf edir.

Hələ də bəzi universitetlərdə ənənəvi, kağız üzərində imtahanlar saxlanılsa da, bir çox ali məktəblərdə həm yazılı, həm elektron, həm də qabiliyyət tələb edən fənlər üzrə imtahanlar tətbiq olunur.

AzEdu.az Təhsil Portalı ali təhsil müəssisələrində semestr imtahanlarının keçirilmə qaydalarını aydınlaşdırmaq məqsədilə ali məktəblər arasında sorğu aparıb.

Sorğumuza cavab olaraq, ADA Universitetinin mətbuat xidmətindən bildirilib ki, imtahanlar həm yazılı, həm də kompüter əsaslı keçirilir.

“Semestr imtahanları hər iki formada təşkil olunur. Həm kompüter əsaslı, həm də kağızda yazılı. Bu formanı müəllimlər müəyyən edirlər. Birinci ilin ümumi dərsləri daha çox ənənəvi formada keçirilir, lakin yuxarı kurslarda dərsin xarakterinə uyğun olaraq qərar verilir.

Magistratura səviyyəsində də bəzi dərslərin təbiətinə görə az sayda imtahan keçirilir. Bu imtahanların bəziləri kağız üzərində, bəziləri isə elektron formada aparılır. Lakin magistratura səviyyəsində daha çox dərslərdə son tapşırıq həmin dərs üzrə keçirilən mövzuların yekun araşdırması əsasında hazırlanmış kağız formasında təqdim olunur".

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat katibi Sədaqət Turabova bildirib ki, universitetin strukturunda üç fakültə mövcuddur:

"“Sosial idarəetmə” fakültəsində aralıq qiymətləndirmə və final imtahanlar tamamilə elektron vasitələrlə təşkil olunur. “Turizm və Qonaqpərvərlik” fakültəsində isə 1-ci və 2-ci kurs tələbələrinin bütün aralıq qiymətləndirmələri və final imtahanları elektron formatda keçirilir. “Biznes və Menecment” fakültəsində aralıq qiymətləndirmə və final imtahanlarının elektronlaşdırılması isə növbəti il üçün planlaşdırılır".

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, imtahanlar hələlik yazılı formada və kağız daşıyıcı üzərində keçirilir.

“Azərbaycan Universitetində bütün imtahanlar yazılı formada, kağız daşıyıcı üzərində təşkil olunur. İmtiyazlı statusda olan tələbələrin imtahanları, həmçinin ingilis dili fənni üzrə “speaking” imtahanı şifahi formada keçirilir. Yaxın gələcəkdə bütün semestr imtahanlarının elektron formata keçirilməsi müzakirə olunur".

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərovanın verdiyi məlumata görə, universitetdə həm yazılı (elektron), həm də şifahi imtahanlar keçirilir.

“I, II və III kurslarda imtahanlar yazılı (elektron) formada keçirilir, IV kurs isə şifahi formada qiymətləndiriləcək. Növbəti ildən bütün kurslarda imtahanlar yazılı (elektron) şəkildə təşkil olunacaq".

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova imtahanların elektron formatda keçirildiyini bildirib.

“Lənkəran Dövlət Universitetində yekun və aralıq imtahanlar tələbələrin seçimlərinə uyğun olaraq akademik təqvim çərçivəsində təşkil olunur. Tələbələr e-şəxsi kabinetləri vasitəsilə imtahan tarixləri və saatlarını seçir, hazır olduqları fənlər üzrə imtahan vaxtlarını müəyyənləşdirirlər. İmtahanın tarixi, saatı və auditoriya nömrəsi tələbənin telefonuna SMS vasitəsilə göndərilir.

Əgər tələbə seçdiyi imtahanda iştirak edə bilməzsə, vaxtı dəyişmək imkanı var. İmtahanlar əsasən yazılı formada keçirilir, lakin spesifik fənlər, məsələn, musiqi, rəsm, proqramlaşdırma və s. performans tipli keçirilir. İmtahan zalında kompüterlər quraşdırılıb, tələbə elektron bilet vasitəsilə sualları cavablandırır. Sualların cavablandırılması üçün 2,5 saat vaxt nəzərdə tutulub".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova imtahanların test və yazılı üsulla keçirildiyini bildirib.

“UNEC-də imtahanlar iki formada təşkil olunur: test üsulu və yazılı üsulla. Qeyri-ixtisas fənlərinin imtahanları test üsulu ilə keçirilir; tələbə kompüter qarşısında sualları cavablandırır və “bitdi” düyməsini basdıqda qiyməti dərhal məlum olur. Yazılı imtahanlar isə elektronlaşdırılmış qaydada aparılır: tələbə kağıza yazır, sonra cavabları skaner vasitəsilə sistemə köçürülür. İxtisas fənləri bütün fakültələrdə yazılı formada keçirilir".

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şahanə Müşviq bildirib:

“İmtahanlar ənənəvi, yazılı formada, kağız daşıyıcı üzərində keçirilir. Hazırda yaxın gələcəkdə elektron formata keçid nəzərdə tutulmayıb".

Sumqayıt Dövlət Universitetinin (SDU) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Elgün Rüstəmlilər bildirib ki, semestr imtahanları fənnin xarakteri və tədris metodologiyasına uyğun olaraq müxtəlif formatlarda təşkil olunur:

"Hazırda imtahanlar ənənəvi yazılı, şifahi və elektron formada keçirilir. İngilis dili fənlərinin böyük hissəsi şifahi qiymətləndirilir. Mühəndislik fakültəsində tələbələr imtahanlarını kompüter vasitəsilə elektron qaydada təqdim edirlər. Riyaziyyat, biologiya və digər fənlər üzrə isə müəllimlərin hazırladığı sual paketləri əsasında yazılı və ya qarışıq formatlı qiymətləndirmə tətbiq olunur.

Bu yanaşma hər fənnin mahiyyətinə uyğun olaraq obyektiv qiymətləndirməni təmin edir. Universitetlərdə imtahanların tam şəkildə elektronlaşdırılması istiqamətində müzakirələr aparılsa da, bu dəyişiklik yaxın semestr üçün nəzərdə tutulmur. Yekun qərar 2026-2027-ci tədris ili üçün planlaşdırılan yeniliklər çərçivəsində veriləcək".

Dövlət Gömrük Komitəsinin Akademiyasında sualımıza cavab olaraq qeyd edilib ki, semestr imtahanları elektron formada keçirilir:

"Açıq suallar sistem üzərindən tələbələrə paylanır və hər tələbəyə 5 sual təqdim olunur".

Xəzər Univeritetindən verilən məlumata görə, ali məktəbdə həm yazılı, həm də elektron formatda imtahanlar keçirilir:

"Yaxın gələcəkdə bütün semestr imtahanlarının elektronlaşması nəzərdə tutulur".

Azərbaycan Tibb Universitetindən bildirilib ki, nəzəri imtahanların hamısı elektron (test) formada, təcrübə fənlər isə praktiki şəkildə keçirilir.

Azərbaycan Texnologiya Universitetinin mətbuatından əldə olunan məlumata görə, imtahanlar həm yazılı, həm də test üsulu (kompüter) ilə keçirilir:

"Tələbələr qərar verir, hansı imtahanı yazılı, hansı imtahanı test üsulu ilə verəcəklərinə. Bu qərar əsasən qrup şəklində tələbələrin ərizəsi əsasında nəzərə alınır. Bir qrup üçün nəzərdə tutulan imtahanların yarısı yazılı, yarısı test üsulu ilə təşkil olunur. Məsələn, qrup 6 imtahan verəcəksə, onun 3-ü yazılı, 3-ü test üsulu ilə keçirilir. Tələbələr qrup şəklində ərizə yazaraq seçim edirlər və bu qərar tələbələrin istəyi nəzərə alınaraq həyata keçirilir".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev bildirib ki, imtahanlar həm elektron (test üsulu), həm yazılı, həm də qabiliyyət üsulu ilə keçirilir.

“2025-2026-cı tədris ilinin qış imtahan sessiyasına hazırlıq işlərinə start verilib. Sessiya ərzində imtahanlar əvvəlki kimi test üsulu, yazılı və qabiliyyət tələb edən fənlər üzrə qabiliyyət üsulu ilə təşkil olunacaq. Universitet elektron universitet quruculuğunda ölkədə öncülük edir və geniş kompüter parkına malikdir. Test üsulu ilə keçirilən imtahanlarda tələbələrin bilikləri effektiv qiymətləndirilir. Lakin mühəndislik, memarlıq və dizayn fakültələrində bəzi texniki və yaradıcı fənlərdə test və yazılı üsul tələbənin biliklərini tam əks etdirə bilmir, buna görə həmin fənlər qabiliyyət üsulu ilə qiymətləndirilir.

Bütün imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahan komissiyasında nəticələrin kodlaşdırılması bölməsi fəaliyyət göstərir; müəllim tələbənin kim olduğunu bilmir, suallar yoxlama zalında qiymətləndirilir, sonra şifrə komissiyası nəticələri açır və ballar müəyyən edilir. Nəticələr elektron kabinet vasitəsilə azmiuedu.az portalında tələbələrə təqdim olunur".

Qeyd edək ki, ötən gün Mingəçevir Dövlət Universitetinin yaydığı məlumata əsasən, 2025/2026-cı tədris ilinin payız semestrindən etibarən bakalavriat və magistratura səviyyələrində müxtəlif qrupları əhatə edən ümumilikdə 15 imtahan pilot layihə çərçivəsində kompüter vasitəsilə elektron formada təşkil ediləcəkdir.

Aysel Məmmədli

Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ -Onu belə müdafiə etdi
Son xəbərlərDaha çox