Türkiyədə tətbiqinə başlanılan “Türkiyə Yüzilliyi Maarif Modeli” çərçivəsində imtahan sistemi köklü şəkildə yenilənir.
Yeni yanaşmaya əsasən, ənənəvi əzbərçiliyə əsaslanan qiymətləndirmə tədricən aradan qaldırılır, əvəzində isə şagirdlərin biliklərini real həyatda tətbiq etmə bacarığı, problem həll etmə, tənqidi və analitik düşünmə kimi kompetensiyalar əsas meyar kimi ön plana çıxarılır.
Maraqlıdır, bəs bu modelin Azərbaycanda tətbiqi nə dərəcədə effektiv ola bilər?
Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.
O qeyd edib ki, əzbərçiliyə yönəlmiş imtahan modelindən müasir dünyanın tələblərinə cavab verən effektiv modelə keçid mütləqdir:
"Bu tətbiq hazırda müasir dünyada, təhsili inkişaf etmiş ölkələrdə istifadə olunan metodlardan biridir. Burada əsasən analitik qabiliyyət, problemi vaxtında görüb həll etmə bacarığı və şagirdin ümumi potensialını ortaya çıxaracaq qiymətləndirmə meyarları nəzərə alınır.
Mənim fikrimcə, bizim hazırkı metod isə daha çox əzbərləməyə üstünlük verir. Çünki şagirdlər, universitetə hazırlaşmaq məqsədilə, lazımi bilikləri əzbərləyir və bu bilikləri bir müddət sonra demək olar ki, unudurlar.
Bizdə də bunun tətbiqi həyata keçirilərsə, nəticədə effektiv olar. Çünki hal-hazırda bizdə daha çox əzbərçiliyə yönəlmiş bir imtahan modeli mövcuddur. Hesab edirəm ki, bizdə də müasir tələblərə uyğun bir imtahan modelinin qurulması mütləqdir".
Mövcud ballandırma sistemi və imtahan modeli ictimaiyyəti tam qane etmir; təhsilimiz süni intellekt və müasir texnologiyanın diktə etdiyi yeni reallığa uyğunlaşmalıdır:
"Hazırkı vəziyyət demək olar ki, ictimaiyyəti tam qane etmir. Ballandırma sistemi və imtahan modeli bir qədər çətinləşdirilmiş formada tətbiq olunduğu üçün şagirdlərdə müəyyən narahatlıq yaranır. Hesab edirəm ki, bu model müasir dünyanın tələblərinə cavab verən bir model kimi qiymətləndirilərsə, bizdə də bu və ya ona bənzər bir modelə keçid zəruridir.
Düzdür, bəlkə də hazırkı mövcud vəziyyət bir az çətin görünür. Amma bunun üçün ümumi orta təhsil məktəblərində müəyyən dəyişikliklər etmək lazımdır. Yəni proqramda müəyyən yeniliklər edilməlidir. Cənab prezident də qeyd etmişdi ki, artıq müasir, xüsusilə süni intellekt və müasir texnologiyaya yönələn tədris proqramları hazırlanmalıdır.
Və tədris proqramları tərtib olunduqdan sonra, əlbəttə ki, imtahan modeli də həmin proqramlara uyğun şəkildə həyata keçirilməlidir. Çünki hazırda Dövlət İmtahan Mərkəzi mövcud vəziyyətə uyğun imtahanı təşkil edir. Orta ümumi təhsil məktəblərində tədris proqramı dəyişdirildiyi təqdirdə, Dövlət İmtahan Mərkəzi də həmin modelə uyğun imtahan hazırlayacaq. Mən hesab edirəm ki, ilkin olaraq orta ümumi təhsil məktəblərində tədris proqramı yenilənməli və buna uyğun olaraq Dövlət İmtahan Mərkəzi qəbul modelini tətbiq etməlidir".