Türkiyədə təhsil sistemində mühüm dəyişiklik edilir.
AzEdu.az Türkiye Gazetesi-nə istinadən xəbər verir ki, ölkənin Milli Təhsil Nazirliyi yeni “Türkiyə Yüzilliyi Maarif Modeli” çərçivəsində imtahanların məzmununu yeniləyir.
Yeni yanaşmaya görə, imtahanlar artıq yalnız əzbərlənmiş bilikləri yoxlamayacaq. Şagirdlərin gündəlik həyatda biliklərini necə tətbiq etdiyi, problem həll etmə və yüksək səviyyəli düşünmə bacarıqları əsas meyar olacaq.
Modelin effektivliyini yoxlamaq üçün 12 şəhərdə geniş pilot layihə həyata keçirilib. 14 mindən çox şagirdin iştirak etdiyi bu sınaqların nəticələri əsasında xüsusi metodik vəsait hazırlanıb. Məqsəd müəllimlərin və sual tərtib edənlərin yeni sistemə uyğun bacarıqlarını artırmaq və ölkə üzrə vahid qiymətləndirmə yanaşması formalaşdırmaqdır.
Yeni qaydalara əsasən, hazırlanan bu vəsait mərkəzləşdirilmiş imtahanlardan tutmuş məktəbdaxili yazılı işlərə, dərslik və əlavə materiallara qədər bütün qiymətləndirmə proseslərində əsas mənbə kimi istifadə olunacaq.
Mütəxəssislər hesab edir ki, bu dəyişikliklər şagirdlərin tənqidi düşünmə, analiz və real həyatda qərarvermə bacarıqlarının inkişafına töhfə verəcək.