Azedu.az

Parta yoldaşını öncədən axtaranlar - nəticələriniz ləğv edilə BİLƏR

İmtahanlar

27 Fevral 2026, 13:59
Parta yoldaşını öncədən axtaranlar - nəticələriniz ləğv edilə BİLƏR

Buraxılış imtahanlarının vərəqələri çap olunduqdan sonra sosial şəbəkələrdə maraqlı bir tendensiya müşahidə olunur. Belə ki, bir çox abituriyent imtahan günü eyni partanı paylaşdıqları naməlum gənci tapmaq üçün müxtəlif platformalarda elanlar paylaşır, “filan məktəbdə, filan sırada yanımda oturan şəxs” kimi qeydlərlə axtarışa çıxırlar.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, təəssüf ki, belə məlumatlar əldə etməyə çalışan abituriyentlər var və onlar müxtəlif sosial platformalarda mövcud olan təhsil qruplarında, təhsil səhifələrində məhz otaq, auditoriya yoldaşını və yaxud da parta yoldaşını və sair axtarırlar.

178480

“Təbii ki, bu cür halların əksəriyyəti köçürmək və ya başqasından hər hansı sualın cavabını əldə edib ötürmək məqsədi ilə düşünülmüş addımlardır. Hesab edirəm ki, bu yanaşma doğru deyil. Belə davranış həm qüvvədə olan qanunvericiliyin tələblərinin, həm də imtahan prosesinin qaydalarının pozulması deməkdir.

Əgər abituriyentlər imtahan zamanı köçürməyə meyl göstərməsələr, lakin imtahan verəcəkləri binada və ya auditoriyada imtahan yoldaşlarını əvvəlcədən tanıyıb onlarla ümumi mövzular ətrafında fikir mübadiləsi aparsalar, bu, onların imtahanda özlərini daha rahat və sərbəst hiss etmələrinə müsbət təsir göstərə bilər. Yəni tanışlıq və ünsiyyət psixoloji baxımdan dəstək ola bilər”.

Öncədən tanış olub imtahanda bir-birindən köçürmək niyyəti ilə hərəkət etmək artıq qayda pozuntusudur:

“Bu cür hallar aşkarlandıqda imtahan nəticələri ləğv oluna bilər və abituriyentlərin illərlə çəkdiyi zəhmət hədər gedər. Məlumdur ki, Dövlət İmtahan Mərkəzi imtahanlarda köçürmə hallarının qarşısını almaq üçün mütəmadi tədbirlər həyata keçirir. Bu nəzarət həm imtahandan əvvəl, həm imtahan prosesində, həm də imtahandan sonra davam etdirilir. Təkcə Dövlət İmtahan Mərkəzi deyil, imtahanın keçirilməsində iştirak edən digər qurumlar da prosesin obyektiv və şəffaf təşkili üçün zəruri addımlar atırlar.

Təsadüfi deyil ki, bir müddət əvvəl imtahanda köçürmə məqsədilə istifadə olunan mikroqulaqlıqlar, smartfon tipli telefonlar və geniş şəbəkə vasitəsilə müdaxilə cəhdləri aşkar edilmiş, bununla bağlı ictimaiyyətə rəsmi məlumat verilmişdi. Göründüyü kimi, bu cür qanunsuz əməllərə yol verən şəxslər cəzasız qalmırlar.

Bəzən bu məsələ yeniyetmələrin psixoloji və ya sosiallaşma ehtiyacları ilə əlaqələndirilir. Lakin müşahidələr göstərir ki, illərdir davam edən bu tendensiya daha çox əvvəlcədən “bəlkə köçürə bildim” düşüncəsi ilə atılan addımlardan qaynaqlanır. Əlbəttə, istisna hallar ola bilər. Kimlərsə imtahanın yaratdığı emosional gərginlik səbəbindən yanlış addım ata bilər. Ancaq ümumi yanaşma məqsədli şəkildə köçürməyə şərait yaratmaqdır ki, bu da doğru deyil.

Abituriyentləri belə hallardan qəti şəkildə çəkinməyə çağırıram. Bir-birini öncədən tanımaq, imtahan günü auditoriyada tanış sima görmək psixoloji rahatlıq yarada bilər. Lakin parta və ya otaq yoldaşını köçürmək məqsədilə seçmək yolverilməzdir. Bu məsələdə hər kəs diqqətli və məsuliyyətli olmalıdır".

TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ö*lü var
Son xəbərlərDaha çox