Son illərdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri abituriyentlərin bilik səviyyəsi və ümumi rəqabət mühiti barədə mühüm statistik məlumatlar təqdim edir. Xüsusilə 500 və 600-dən yuxarı bal toplayanların sayı qəbul prosesində yüksək nəticə göstərənlərin dinamikasını və ixtisas qrupları üzrə bölgünü aydın şəkildə əks etdirir.
AzEdu.az 2022-2024-cü illər üzrə qəbul imtahanında yüksək bal toplayan abituriyentlərin statistik göstəriciləri ardıcıllıqla təqdim edir.
Belə ki, 2022-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73 429 abituriyent iştirak edib. Nəticələrə əsasən, abituriyentlərin 16,12%-i 0–100, 26,67%-i 100–200, 21,96%-i 200–300, 25,61%-i 300–500, 9,64%-i isə 500–700 bal toplayıb.
Həmin il 600 və daha çox bal toplayanların sayı 2077 nəfər olub. Yüksək bal toplayanlar respublikanın, demək olar ki, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edib. 600 və daha çox bal toplayanların 1081 nəfəri I qrupun, 142 nəfəri II qrupun, 344 nəfəri III qrupun, 510 nəfəri isə IV qrupun payına düşüb.
2023-cü ildə I-IV ixtisas qrupları üzrə 78 506, V qrup üzrə 103 007 abituriyent imtahanlarda iştirak edib (orta ixtisas təhsili müəssisələri üzrə birlikdə 108 188 nəfər). Həmin il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 6207 abituriyent 500-dən yuxarı, o cümlədən 1494 abituriyent 600-dən yuxarı bal toplayıb. 600 və daha çox bal toplayanların 38,55%-i (576 nəfər) I qrupun, 11,24%-i (168 nəfər) II qrupun, 24,83%-i (371 nəfər) III qrupun, 25,37%-i (379 nəfər) isə IV qrupun abituriyentləri olub.
2024-cü ildə isə I-IV ixtisas qrupları üzrə 84 199, V qrup üzrə 111 978 abituriyent imtahanlarda iştirak edib (orta ixtisas təhsili müəssisələri üzrə birlikdə 116 468 nəfər). Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 9498 abituriyent 500-dən yuxarı, o cümlədən 3076 abituriyent 600-dən yuxarı bal toplayıb. 600 və daha çox bal toplayanların 39,01%-i (1200 nəfər) I qrupun, 9,23%-i (284 nəfər) II qrupun, 31,79%-i (978 nəfər) III qrupun, 19,96%-i (614 nəfər) isə IV qrupun abituriyentləri olub.
Ümumilikdə, son üç ildə 500 və xüsusilə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayında artım dinamikası müşahidə olunur. 2022-ci ildə 600 və daha çox bal toplayanların sayı 2077 nəfər olub, 2023-cü ildə bu göstərici 1494 nəfərə enib, 2024-cü ildə isə 3076 nəfərə yüksəlib. 500-dən yuxarı bal toplayanların sayı isə 2023-cü ildə 6207 nəfər, 2024-cü ildə 9498 nəfər təşkil edib ki, bu da yüksək nəticə göstərənlərin sayında əhəmiyyətli artımı nümayiş etdirir.