"Son illərdə buraxılış və qəbul imtahanlarında qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr tamamilə əsaslıdır".
Bu fikri AzEdu.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova qeyd edib.

Onun sözlərinə görə, müasir təhsildə əsas məqsəd yalnız biliklərin yoxlanılması deyil, şagirdin düşünmə prosesinin, analiz və əsaslandırma bacarıqlarının qiymətləndirilməsidir:
"Bu baxımdan açıq tipli tapşırıqlar xüsusi əhəmiyyət daşıyır. Hazırda imtahanlarda qapalı test sualları üstünlük təşkil edir. Bu format obyektivlik və operativlik baxımından effektivdir. Lakin o, əsasən faktoloji bilikləri və düzgün cavabı seçmə bacarığını ölçür. Halbuki müasir dövrdə şagirddən informasiyanı sadəcə yadda saxlamaq deyil, onu tətbiq etmək, müqayisə etmək, səbəb-nəticə əlaqələri qurmaq və mövqeyini əsaslandırmaq tələb olunur.
Açıq tipli tapşırıqlar şagirdin məntiqi və analitik düşünmə qabiliyyətini, fikrini strukturlaşdırılmış və ardıcıl şəkildə ifadə etmək bacarığını, arqument qurmaq və nəticə çıxarmaq səriştəsini daha dolğun üzə çıxarır. Əslində, müasir təhsil yanaşması bilikdən daha çox kompetensiyaların, yəni bilik, bacarıq və münasibətin vəhdətindən formalaşan səriştələrin formalaşdırılmasına yönəlməlidir. Qiymətləndirmə də bu yanaşmaya uyğun qurulmalıdır".
Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə qiymətləndirmə sistemləri qarışıq model üzərində qurulur və açıq tipli tapşırıqlar mühüm yer tutur.
"Finlandiyada buraxılış imtahanlarında analitik və esse tipli suallar geniş tətbiq olunur. Böyük Britaniyada GCSE və A-level imtahanlarında strukturlaşdırılmış yazılı cavablar əsas yer tutur. Almaniyada Abitur imtahanları şagirdlərdən təhlil və əsaslandırma tələb edir. OECD çərçivəsində keçirilən PISA qiymətləndirməsində isə real həyat situasiyalarına əsaslanan və şagirdin düşünmə bacarığını ölçən tapşırıqların payı artırılır. Bu yanaşma göstərir ki, yüksək nəticə göstərən təhsil sistemləri yalnız bilik həcmini deyil, düşünmə keyfiyyətini qiymətləndirir.
Təəssüf ki, bizim təhsil sistemində hələ də əzbərçiliyin təsiri kifayət qədər güclüdür. Şagirdlər çox vaxt faktları yadda saxlamağa yönəldilir, lakin onların müstəqil düşünmə, arqument qurma və alternativ baxışları təhlil etmə bacarıqları sistemli şəkildə inkişaf etdirilmir. Bunun nəticəsi olaraq, şagirdlərimizin esse yazmaq qabiliyyəti də arzu olunan səviyyədə deyil. Fikri məntiqi ardıcıllıqla qurmaq, tezis irəli sürmək, arqumentlərlə əsaslandırmaq və nəticə çıxarmaq kimi bacarıqların zəif olması göstərir ki, tədris prosesində yazılı ifadə və tənqidi düşünmə kifayət qədər prioritetləşdirilmir. İmtahan formatı əsasən test yönümlü olduqda, tədris prosesi də mexaniki hazırlıq üzərində qurulur və düşünmə bacarıqları kölgədə qalır.
Bu kontekstdə müəllimlərin rolu həlledicidir. Müəllimlər daha proaktiv olmalı, gündəlik dərslərini kritik düşüncənin inkişafına yönəlmiş metodologiya əsasında planlaşdırmalıdırlar. Dərslərdə açıq suallar, debatlar, problem əsaslı tapşırıqlar, mətn təhlili, esse yazı məşqləri və layihə fəaliyyətləri daha geniş yer tutmalıdır. Yalnız imtahan modelini dəyişmək kifayət deyil. Sinifdə düşünmə və müzakirə mədəniyyəti formalaşdırılmalıdır.
Nəticə olaraq hesab edirəm ki, açıq tipli tapşırıqların sayı artırılmalıdır, lakin bu proses mərhələli və sistemli şəkildə həyata keçirilməlidir. Qiymətləndirmə meyarları dəqiqləşdirilməli, müəllim hazırlığı gücləndirilməli və məktəbdə tənqidi düşünmə prioritet istiqamətə çevrilməlidir. Əsas məqsəd imtahanı çətinləşdirmək deyil, onu daha keyfiyyətli və bacarıqyönümlü etmək olmalıdır. Əgər məqsədimiz analitik düşünən, əsaslandırılmış mövqe bildirə bilən və qlobal çağırışlara cavab verən gənclər yetişdirməkdirsə, qiymətləndirmə sistemi də bu viziona uyğun şəkildə transformasiya olunmalıdır".