Noyabrın 28-də "Məktəblilərarası Milli Hakaton – 2025" müsabiqəsinin final mərhələsi ilə yaxından tanış olmaq məqsədilə infotur təşkil olunub.
AzEdu.az xəbər verir ki, infoturda Elm və Təhsil Nazirliyi və tabe qurumların əməkdaşları, nazirlik yanında İctimai Şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil ekspertləri, özəl sektorların əməkdaşları, media nümayəndələri və influenserlər iştirak ediblər.
İnfotur iştirakçılarına komandaların qeydiyyatı, mərhələlər üzrə qiymətləndirmə prosesi, mentor dəstəyi və layihələrin hazırlanma qaydası barədə ətraflı məlumat verilib. İştirakçılar finala çıxan komandaların iş prosesini yaxından izləyərək yaradıcı mühitin və texnoloji təminatın necə tətbiq olunduğunu müşahidə ediblər.
Prosesi izləyən qonaqlar hakatonun müasir texnologiyalarla təşkil olunmasını, şəffaf və ictimaiyyətə açıq şəkildə keçirilməsini yüksək qiymətləndirərək bunun məktəblilər arasında innovativ düşüncənin və rəqəmsal bacarıqların inkişafına töhfə verdiyini bildiriblər.
Qeyd edək ki, finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar təqdim edirlər. Proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, IT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.