Elm və Təhsil Nazirliyi yanında fəaliyyət göstərən agentliklər 2025-ci il ərzində təhsil və elmin inkişafına yönəlmiş bir sıra layihə və təşəbbüslərlə çıxış ediblər. Həyata keçirilən proqramlar həm institusional islahatları, həm də xidmət keyfiyyətinin artırılmasını hədəfləyib.
2025-ci ildə bu agentliklərin fəaliyyəti təhsil və elm sahəsində hansı real dəyişikliklərə səbəb olub?
AzEdu.az Təhsil Portalı mövzu ilə bağlı təhsil sferasında fəaliyyət göstərən şəxslərin fikirlərini öyrənib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bildirib ki, 2025-ci il Azərbaycan təhsil sistemi üçün “sakit, amma dərin” dəyişikliklərin ili oldu:

“Böyük, səs‑küylü qərarlardan daha çox, sistemin alt qatlarında aparılan düzəlişlər diqqət çəkdi. Xüsusilə orta təhsil mərhələsində islahatlar artıq forma deyil, məzmuna toxunmağa başladı.
Orta təhsildə əsas islahatlar ilk növbədə kurikulumun daha funksional və həyatla əlaqəli olmasına yönəldi. Fənlər üzrə yüklənmiş nəzəri biliklər tədricən azaldıldı, bacarıq yönümlü yanaşmalar gücləndirildi. Bu, Finlandiya, Estoniya və Sinqapur modelində gördüyümüz “az bil, amma dərindən anla” prinsipinə doğru atılmış real addım idi. Tam ideal olmasa da, istiqamət doğrudur.
Qiymətləndirmə sistemindəki dəyişikliklər isə şagird nailiyyətlərinə qarışıq, amma ümidverici təsir göstərdi. Formativ qiymətləndirməyə daha çox yer verilməsi, müəllimin müşahidə və rəyinin əhəmiyyət qazanması müsbət haldır. Amma hələ də bir həqiqəti gizlətməməliyik: məktəblərin bir hissəsində qiymətləndirmə hələ də “bal üçün öyrətmə” psixologiyasından tam qurtula bilməyib. Dünya təcrübəsi göstərir ki, bu keçid mərhələsi adətən 5-7 il çəkir. Yəni biz yolun ortasındayıq.
Müəllimlərin peşəkar inkişafı sahəsində 2025‑ci il əvvəlki illərlə müqayisədə daha sistemli oldu. Təlimlərin sayı yox, keyfiyyəti müzakirə mövzusuna çevrildi. Bu, çox önəmlidir. Lakin səmimi desəm, hələ də hər müəllimin real ehtiyacına uyğun fərdiləşdirilmiş inkişaf modeli tam formalaşmayıb. Dünya praktikasında (məsələn, Kanada və Hollandiya) müəllim inkişafı “hamıya eyni təlim” deyil, mentorluq və məktəbdaxili peşəkar öyrənmə icmaları üzərində qurulur. Biz bu mərhələyə yaxınlaşırıq, amma hələ çatmamışıq.
Rəqəmsal texnologiyaların tətbiqi baxımından 2025‑ci il ciddi irəliləyiş ili oldu. Rəqəmsal platformalar, elektron resurslar və süni intellekt əsaslı alətlər artıq məktəblər üçün ekzotika deyil. Amma burada da bir incə məqam var: texnologiya alət kimi istifadə ediləndə faydalıdır, məqsəd olanda yox. Bəzi məktəblərdə texnologiya dərsi zənginləşdirdi, bəzilərində isə sadəcə “ekran dəyişdi, metod dəyişmədi”. Dünya təcrübəsi göstərir ki, rəqəmsallaşmanın real effekti müəllimin pedaqoji yanaşması ilə birbaşa bağlıdır.
Şagirdlərin tənqidi düşünmə, yaradıcılıq və sosial bacarıqları məsələsində isə ən ümidverici siqnallar məhz 2025‑ci ildə göründü. Layihə əsaslı öyrənmə, debatlar və sosial mövzulara həssas yanaşmalar artdı. Bu sahədə nəticələr dərhal ölçülmür, amma müşahidə olunur: şagird daha çox sual verir, öz fikrini deməkdən çəkinmir, səhvdən qorxmur. Bu da XXI əsr bacarıqlarının əsas göstəricisidir.
2025‑ci il “təhsildə dönüş ili” yox, “təhsildə doğru istiqamətin möhkəmləndiyi il” oldu. Hələ görüləsi çox iş var, amma ən vacibi odur ki, artıq sualı düzgün qoyuruq:
“Uşağa nə qədər bilik verdik?” yox, “Bu biliklə o, həyatda nə edə biləcək?” Bu sual verildiyi müddətcə, yol uzun olsa da, istiqamət düzdür".
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2025‑ci il ərzində müxtəlif tədbir və layihələr həyata keçiriblər:

"İlk növbədə, ənənəvi olaraq ümumi təhsilə nəzər yetirsək, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2025-ci il üçün sertifikasiya prosesi planlı şəkildə keçirildi. Həmçinin məktəbəqədər təhsildə müəllimlərin qəbul imtahanları və MİQ imtahanlarının təşkili də müsbət məqamlar kimi dəyərləndirilə bilər.
Peşə təhsili sahəsində plan yerlərinin və dövlət sifarişlərinin artırılması ilə yanaşı, qəbul olunan tələbələrin sayı da əvvəlki illərlə müqayisədə artmışdır. Dövlət başçısının 2009-cu ilə qədər fəaliyyət göstərən 21 peşə təhsil müəssisəsinin yenidən qurulması, bərpası və ya yeni müəssisələrin yaradılması ilə bağlı sərəncamı bu sahəyə dövlət qayğısının artdığını göstərir.
Ali təhsil sahəsində həm Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həm də Təhsildə Keyfiyyət Təminatı Agentliyi mühüm addımlar atdı. Bəzi ali təhsil müəssisələrində bəzi ixtisaslar kvalifikasiyadan keçmədiyi üçün bağlandı və onların yerinə əmək bazarına uyğun yeni ixtisaslar əlavə edildi. Eyni zamanda, bəzi universitetlər beynəlxalq reytinqlərdə irəlilədi ki, bu da təqdirəlayiq haldır.
Məktəbəqədər və ümumi təhsildə olimpiadalar sahəsində də uğurlar əldə edildi; xeyli sayda şagird respublika və beynəlxalq səviyyəli yarışmalarda qalib oldu. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən bəzi təhsil müəssisələrində yoxlamalar aparıldı, uyğunsuzluqlar aşkar olunduqda ixtisasların və ya proqramların bağlanması ilə bağlı qərarlar verildi. Nazirlər Kabineti isə bu sahədə lisenziyalaşdırma və digər mexanizmlərlə bağlı qərarlar qəbul etdi.
Ümumilikdə, 2025-ci il təhsil sahəsi üçün əvvəlki illərlə müqayisədə daha uğurlu il kimi qiymətləndirilə bilər və qarşıdakı il üçün daha böyük hədəflər müəyyən olunub. Peşə təhsilində əmək bazarı ilə əlaqələrin gücləndirilməsi vacib məsələ olaraq qalır. Bu istiqamətdə həm dövlət, həm də özəl sektorla əməkdaşlıq edilməli və sazişlər imzalanmalıdır. Tələbələrin praktika və iş imkanları artırılmalıdır. Belə bir yanaşma peşə təhsilinə marağı artıracaq və müraciətlərin sayında da artım müşahidə olunacaq".
“Azərbaycan müəllimi” qəzetinin müxbiri, təhsil jurnalisti Yetər Kərimli qeyd edib ki, 2025-ci ildə agentliklərin ictimaiyyətlə ünsiyyətində daha açıq, sistemli və vaxtında məlumatlandırma yanaşması müşahidə olunur:

“Kommunikasiya təkcə məlumat verməklə məhdudlaşmır, izah və maarifləndirmə funksiyası da güclənib. Məncə, bu yaxşı haldır. Mətbuat üçün operativ cavab mexanizmləri, rəsmi açıqlamalar, statistik məlumatların paylaşılması və mətbuat sorğularına vaxtında reaksiya medianın işini xeyli asanlaşdırıb.
Artıq sosial media hesablarında daha aktiv məlumat paylaşımları edilir. Maarifləndirici videolar, diaqramlar hazırlanır. Məsələn, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tez-tez maraqlı maarifləndirici videolar, Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) isə məzunlarının maraqlı həyat hekayəsini paylaşır.
İllik hesabatların ictimaiyyətə açıq təqdimatı, sosial şəbəkələrdə izahlı paylaşımlar və televiziya çıxışları fəaliyyətin mahiyyətinin cəmiyyətə daha düzgün çatdırılmasına imkan yaradıb. Xüsusilə canlı debatlara qatılma, podkastlarda iştirak və media ilə səmimi görüşlər buna nümunədir.
Agentliklər rəsmi saytlar, sosial media və rəqəmsal xidmətlər üzərindən məlumatları daha sadə, vizual və operativ formada təqdim edirlər. Bu da vətəndaş üçün əlçatanlığı artırır. Hazırda müəllimlər üçün yeni inkişaf platforması yaradılıb.
Təşkil edilən konfranslarda sualların verilməsi üçün elektron vəsaitlərdən də istifadə edilir. Agentliklərin demək olar ki, hər biri, xüsusilə MÜTDA elektron poçt ünvanı üzərindən göndərdiyimiz suallara daha operativ cavab verir (hətta bu bir neçə saat belə çəkmir).
İctimai rezonans doğuran məsələlərə sürətli reaksiya, yanlış məlumatların vaxtında təkzibi və müraciətlərə qısa müddətdə cavab verilməsi operativliyin bariz nümunəsidir. Bu il ilə bağlı xüsusilə, onu qeyd edim ki, Regional Təhsil İdarələri sorğuların cavablandırılması və hadisələrə daha çevik reaksiya verilməsi baxımından ciddi irəliləyiş göstərib. Burada Abşeron-Xızı Regional Təhsil İdarəsinin adını çəkmək olar. Son dövrdə xüsusilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi media ilə davamlı və açıq əməkdaşlıq nümayiş etdirib.
Agentliklər şəffaflıq, hesabatlılıq və nəticəyönümlü fəaliyyətlə təhsil sistemində etimadı gücləndirir, islahatların mahiyyətinin düzgün anlaşılmasına şərait yaradır. Bu yolda onları daha təşəbbüskar görmək istəyərdim. Agentliklər öz sahələrində olan müsbət dəyişiklikləri (amma daha maraqlı və viral olacaq formda) mediaya daha sıx ötürə və ya müsbət trend formalaşdırmaq üçün mediaya dəstək göstərə bilərlər. Maraqlı kontentin üzə çıxarılması yolunda kiçik təkanlardan bəhs edirəm.
Açıqlanan statistik və analitik məlumatlar jurnalistlərə mövzuları daha dərindən araşdırmaq, faktlara söykənən materiallar hazırlamaq imkanı verir. Buna görə də bu il bu mövzuda kifayət qədər şəffaflıq müşahidə olunur. Son hesabatlar əvvəlki illərlə müqayisədə daha strukturlaşdırılmış, rəqəmlər və izahlarla müşayiət olunan, oxucu üçün daha anlaşılan formadadır. Burada Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Təhsil Tələbə Krediti Fondunun səylərini qeyd etmək olar.
Çünki bu qurumlar bu il daha sadə, anlaşılan və populyar üslubda məlumataların yayımlanmasına üstünlük verirlər. Yeri gəlmişkən, media nümayəndələrinə bu sahədə dəstək məqsədilə Şamaxıda bütün aidiyyəti agentliklərin nümayəndələrinin iştirakı ilə təlimlər təşkil olundu və tədbir elm və təhsil naziri Emin Əmrullayevin geniş və səmimi söhbəti ilə yekunlaşıb”.