Dövlət qulluğu ölkədə idarəetmənin səmərəli təşkili və ictimai maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Peşəkar, bilikli və məsuliyyətli kadrların dövlət idarəçiliyinə cəlb olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan dövlət qulluğuna qəbul prosesi daim diqqət mərkəzində saxlanılır və cəmiyyətin müxtəlif təbəqələri üçün bərabər imkanların yaradılması əsas məqsəd kimi müəyyən olunur.
Maraqlıdır, son beş ildə dövlət qulluğu üzrə keçirilmiş imtahanlarda gənclərin iştirak səviyyəsi necə dəyişib? Bu göstərici artıb, yoxsa azalıb?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq DİM-dən bildirilib ki, son 5 ildə dövlət qulluğuna qəbul imtahanlarında iştirak edən gənclərin sayına baxsaq, artım tempini müşahidə etmiş olarıq:
“Belə ki, 2021-ci ildə imtahan iştirakçılarının 35,6%-i (4304 nəfər), 2022-ci ildə 36,7%-i (5142 nəfər), 2023-cü ildə 42,7%-i (6771 nəfər), 2024-cü ildə 51,2%-i (8863 nəfər), 2025-ci ildə isə 56,3%-i (8979 nəfər) yaşı 29-a qədər olan gənclər olub.
İmtahanda iştirak edən gənclərin sayının şəhər və rayonlar üzrə statistikasına baxsaq, ilk onluqda Bakı (8709 nəfər), Naxçıvan (3447 nəfər), Gəncə (1065 nəfər), Sumqayıt (995 nəfər), Ağdam (924 nəfər), Kəlbəcər (879 nəfər), Tovuz (743 nəfər), Füzuli (705 nəfər), Şəki (663 nəfər) və Abşeron (583 nəfər) yer alır”,- deyə mərkəzdən məlumat verilib.
Dövlət qulluğuna maraq son illər ərzində davamlı şəkildə artmaqdadır. Qəbul prosesində şəffaflığın təmin olunması, obyektiv imtahan mexanizmləri və karyera imkanlarının genişliyi dövlət qulluğunu gənclər üçün daha cəlbedici edir. Bu tendensiya gələcək illərdə dövlət idarəçiliyində peşəkar və dinamik kadr potensialının formalaşmasına, eləcə də dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verə bilər.