Yanvarın 15-də Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
B növünə aid vəzifə qrupları üzrə imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İnzibati rəhbər vəzifələrə qəbul imtahanı isə saat 16:00-da başlanıb və hazırda davam edir. Hər iki imtahan kompüterlər vasitəsilə aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün yanvarın 16-dan 30-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 16, 19 və 21 yanvar tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.