Azedu.az

DİM ictimaiyyət üçün açıq görüşləri davam etdirir

Dövlət İmtahan Mərkəzi

6 Dekabr 2025, 10:11
DİM ictimaiyyət üçün açıq görüşləri davam etdirir

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. Belə ki, Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.

DİM-dən AzEdu.az-a bildirilib ki, növbəti görüş 5 dekabr 2025-ci il tarixində keçirilib və “Buraxılış və qəbul imtahanlarında ətraflı həll və ya cavab yazılması tələb olunan tapşırıqların yoxlanılması prosesi” mövzusuna həsr olunub.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə iştirakçıları salamlayıb və öz təşəbbüsləri ilə açıq formada keçirilən görüşə maraq göstərdikləri üçün minnətdarlığını bildirib. O, buraxılış və qəbul imtahanlarında ətraflı cavab yazılması tələb olunan tapşırıqların yoxlanılması prosesinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, qiymətləndirmə prosesində obyektivliyin və şəffaflığın təmin olunması üçün elektronlaşdırılmış sistemlərdən, kodlaşdırma və ikili yoxlama mexanizmlərindən istifadə edilir. Ətraflı cavab yazılması tələb olunan tapşırıqlar şagirdlərin analitik düşünmə, məntiqi nəticə çıxarma və tətbiqi bacarıqlarını daha yaxşı ölçməyə imkan verir.

İdarə Heyətinin sədri daha sonra 8-ci və yuxarı sinif şagirdləri üçün Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi “Peşə seçimi” aləti barədə məlumat verib. O, qeyd edib ki, bu alət şagirdlərin təfəkkür növlərini, şəxsi xüsusiyyətlərini və peşə maraqlarını qiymətləndirən testlərdən ibarətdir. Artıq sözügedən testlər Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif layihələrdə uğurla tətbiq olunub və effektivliyi təsdiqlənib. Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının elektron poçtuna göndərilir. Testlərdə iştirak etmək üçün qeydiyyat DİM-in internet saytına yerləşdirilib. İlk imtahan dekabrın 10-da təşkil olunacaq.

Sonra görüş iştirakçıları tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Bundan əlavə, tədbirdə ətraflı cavab yazılması tələb olunan tapşırıqların yoxlanılması prosesinə aid təqdimat nümayiş etdirilib. Təqdimatda bu tip tapşırıqlar üçün tətbiq olunan qiymətləndirmə meyarları, yoxlama mexanizmləri, şagirdlərin daha çox yol verdikləri səhvlər və s. barədə məlumat verilib.

Görüşdən sonra buraxılış imtahanı fənləri (Azərbaycan və rus dili (tədris dili kimi), riyaziyyat və xarici dil) üzrə şagirdlər üçün yazı işlərinin yerinə yetirilməsi zamanı yol verilən səhvlər əsasında praktik treninqlər təşkil edilib. Şagirdlərə yerinə yetirmələri üçün bir neçə tapşırıq təklif edilib. Şagirdlər həmin tapşırıqları yerinə yetirdikdən sonra yazdıqları yazı işləri mütəxəssislər tərəfindən qiymətləndirilib və qiymətləndirmənin nəticəsi şagirdlərin özləri ilə müzakirə edilib. Şagirdlər yazı işləri ilə bağlı izahla da tanış ola biliblər.

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini [email protected] poçtuna göndərə bilərlər.

Növbəti görüşün yanvarın sonlarında keçirilməsi nəzərdə tutulur. Mövzu və qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcəkdir.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox