İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüter vasitəsilə elektron formada təşkil olunacaq. İmtahan iki növbədə - 10:00 və 16:00-da başlayacaq. Bakı şəhərində hər növbə üzrə 760 yer, Naxçıvan şəhərində hər növbə üzrə 160 yer olmaqla, ümumilikdə 1840 yer ayrılıb. Namizədlər 16 mart saat 16:00-dan 5 aprel saat 18:00-dək DİM-in internet səhifəsində bu linkə daxil olub qeydiyyatdan keçə bilərlər.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS (İmtahan 10:00-da başlayacaq);
2. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS (İmtahan 16:00-da başlayacaq).
Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 19 iyun 2025-ci il tarixli 183 nömrəli Qərarına əsasən, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə imtahanlarda iştirak haqqı 100, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə imtahanlarında iştirak haqqı isə 50 manatdır.
Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:
2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:
2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;
2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;
2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatınn sertifikatına;
2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının ( ACA/ICAEW - Chartered Accountant Qualification ) sertifikatına;
2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.
2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:
2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.
PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.
Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.
İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahan yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini imtahan tarixinə 3-4 gün qalmış DİM-in saytından çap etmək mümkün olacaq.
Namizədlər PMS imtahanları ilə bağlı suallarını [email protected] ünvanına göndərə bilərlər.