Azedu.az

100 mindən çox abituriyent ali təhsil üçün qeydiyyatdan keçdi - STATİSTİKA

Dövlət İmtahan Mərkəzi

27 Fevral 2026, 11:14
100 mindən çox abituriyent ali təhsil üçün qeydiyyatdan keçdi - STATİSTİKA

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasında) qəbul üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 104 362 nəfər təşkil edib.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, ali təhsil müəssisələrinə (Ali TM) ümumilikdə 104 362 nəfər qeydiyyatdan keçib. Onlardan 93 786 nəfəri Azərbaycan bölməsi, 10 576 nəfəri isə rus bölməsi üzrə müraciət edib.

Kolleclərə (11 illik baza) isə 94 411 nəfər sənəd verib. Bu kateqoriya üzrə 86 049 nəfər Azərbaycan bölməsi, 8 362 nəfər isə rus bölməsi üzrə qeydiyyatdan keçib.

“Ana dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında iştirak edəcək abituriyentlərin sayı 9 788 nəfərdir. Onlardan 9402 nəfər buraxılış imtahanı çərçivəsində, 386 nəfər isə qəbul imtahanı çərçivəsində (I cəhd) bu fənn üzrə imtahan verəcək.

Bundan əlavə, 2025-ci ildə “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında “məqbul” qiymət alıb cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 788 nəfərdir.

Həmçinin 2025-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsinə əsasən müsabiqəyə qoşulan abituriyentlərin sayı 1894 nəfər təşkil edir.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Ərizə qəbulundə iştirak edənlərin sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və şifrəsindən istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ali təhsil müəssisələrinə ərizə qəbulu ilə bağlı ətraflı məlumat və SQK-ların ünvanları ilə elanın geniş mətnində tanış ola bilərsiniz.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan,  ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə isə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək.

Rus əsgərləri Ermənistandan QOVULDU - Kritik proses başlayır
Son xəbərlərDaha çox