Azedu.az

Magistratura imtahanında müddət uzadılacaq? - DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi

25 Fevral 2026, 17:10
Magistratura imtahanında müddət uzadılacaq? - DİM-dən AÇIQLAMA

Magistratura imtahanı ali təhsilini davam etdirmək istəyən minlərlə bakalavr üçün vacib mərhələdir. Xüsusilə I cəhd imtahanından sonra bir çox namizəd tapşırıqların düşündürücü və vaxt aparan olduğunu bildirir. Onların fikrincə, sualların məntiqi təhlil tələb etməsi və diqqət tələb edən xarakteri imtahan zamanı vaxt çatışmazlığı problemini daha da önə çıxardır.

Maraqlıdır, gələcək illərdə magistratura imtahanlarının vaxtı uzadıla bilər?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.

Mərkəzdən sorğumuza cavab olaraq bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanında bakalavrlara fənlər üzrə ümumilikdə 95 test tapşırığı, həmçinin xarici dil üzrə esse yazmaq üçün mövzu təqdim olunur:

"Qaydalara əsasən, test tapşırıqlarının cavablandırılmasına 3 saat, essenin yazılmasına isə 30 dəqiqə vaxt ayrılır. Hazırda verilən vaxt mövcud ölçmə-qiymətləndirmə standartlarına tam uyğundur. Əlbəttə, imtahan müddəti müəyyən edilərkən beynəlxalq qiymətləndirmə təcrübəsi, test tapşırıqlarının məzmunu və mürəkkəblik dərəcəsi nəzərə alınır.

İmtahan materialları hazırlanarkən hər bir tapşırıq üzrə orta cavablandırma müddəti əvvəlcədən statistik olaraq hesablanır və ümumi vaxt bu hesablamalara əsaslanır. İmtahanda mümkündür ki, iştirakçı hər hansı tapşırığı cavablandırmaq üçün bir neçə dəqiqə sərf etsin. Ancaq nəzərə almaq lazımdır ki, test blokunda elə tapşırıqlar da var ki, cəmi bir neçə saniyə ərzində cavablandırmaq mümkündür. Yəni ümumi balans mütləq nəzərə alınır. İmtahan nəticələrinin təhlili də göstərir ki, iştirakçılar verilən vaxt çərçivəsində tapşırıqları uğurla yerinə yetirə bilirlər. 

Bundan əlavə, imtahan müddətini müsabiqə şərtlərinin tərkib hissəsi kimi qəbul etmək lazımdır. Hazırlıqlı, müəyyən vərdişlərə sahib, zamanın düzgün idarə olunma qabiliyyəti, operativ qərarvermə və digər xüsusiyyətlərə malik olan iştirakçılar yüksək bal toplayırlar.

Bununla yanaşı, imtahanların təşkili və keçirilməsi prosesi daim təhlil olunur, iştirakçıların rəy və müraciətləri diqqətlə araşdırılır. Lakin hazırkı mərhələdə magistraturaya qəbul imtahanında vaxtın uzadılması nəzərdə tutulmur".

Efirlərdəki BİABIRÇILIQ YIĞIŞDIRILIR - Alimlərimiz iclasda yatdı
Son xəbərlərDaha çox