"Gənclərdə düzgün yanaşmanın formalaşması və bəzi hərəkətlərin səhv olduğunu dərk etməsi vacib məsələlərdəndir".
AzEdu.az xəbər verir ki, bu sözləri Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə söyləyib.
O qeyd edib ki, çox zaman valideynlər özləri bu davranışı təşviq edirlər:
“Məsələn, imtahan binasının qarşısında uşaqlara "mehriban olun, bir-birinizə kömək edin" deyirlər. Bu, adi hal kimi qəbul edilir. Amma sonra kimsə bir bal çatmadığı üçün qəbul olmayanda hamı bu vəziyyəti ədalətsizlik adlandırır. Bəs bu ədalətsizliyi kim formalaşdırır? Kim başlayır?”
DİM sədri həmçinin təhsil sahəsində məlumatların mediada işıqlandırılma formatına diqqət çəkib:
“Biz kütləvi prosesləri idarə edirik. Yüz minlərlə insan imtahanlarda iştirak edir. Onların valideynləri, ən yaxın qohumları da nəzərə alınarsa, təsəvvür edin nə qədər insan bu məlumatlara həssas yanaşır. Hər hansı hadisə baş verdikdə, biz real və şəffaf müzakirələrə açığıq. Bizə edilən heç bir müraciət diqqətdən kənarda qalmır. Onlara vaxtında cavab veririk. Təəssüf ki, bəzən bir problem yaşandıqda insanlar birbaşa bizə müraciət etmək əvəzinə, mediada və sosial şəbəkələrdə özlərini ‘təhsil eksperti’ kimi təqdim edən şəxslərə üz tuturlar”.