Dağlıq Şirvan Regional Təhsil İdarəsi müdiri Ramin Abasovun müvafiq əmri ilə Anar Məhəmmədəmin oğlu Osmanov 10 fevral 2026-cı il tarixindən Qobustan rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, Osmanov Anar Məhəmmədemin oğlu 13 oktyabr 1986-cı ildə Şamaxı şəhərində anadan olub. Tam orta təhsilini 2008-ci ildə Şamaxı şəhər M.Hadi adına 9 saylı tam orta məktəbdə alıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat fakültəsində bakalavriat səviyyəsi üzrə riyaziyyat-informatika ixtisası təhsili alıb.
2008-2009-cu illərdə FHN-nin N saylı hərbi hissəsində hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 2009-cu ildə Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində riyaziyyat və informatika müəllimi kimi başlayıb. 2012-ci ildən müəllimlik fəaliyyətini Şamaxı Avropa liseyində davam etdirmişdir. 2013-2017-ci illərdə Şamaxı Rayon Təhsil Şöbəsində metodist, 2017-2022-ci illərdə isə aparıcı məsləhətçi vəzifələrində çalışıb.
2022-ci ilin iyun ayından etibarən isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunda məsləhətçi vəzifəsində çalışır.
Qeyd edək ki, 10 fevral 2026-cı il tarixindən Dağlıq Şirvan Regional Təhsil İdarəsi müdirinin müvafiq əmri ilə Qobustan Rayonu üzrə Təhsil Sektorunun müdiri təyin edilib.
Ailəlidir, 3 övladı var.