Azedu.az

Həftəsonu imtahan verənlərin NƏZƏRİNƏ - yüksək nəticə üçün vacib GÖSTƏRİŞ

Buraxılış imtahanları

11 Mart 2026, 11:35
Həftəsonu imtahan verənlərin NƏZƏRİNƏ - yüksək nəticə üçün vacib GÖSTƏRİŞ

9 mart tarixində keçirilən buraxılış imtahanında abituriyentlərin qarşılaşdıqları ən böyük çətinliklərdən biri sualların yüksək səviyyədə çətin olması səbəbilə zamanı düzgün idarə edə bilməmələri olmuşdur. Bu, imtahan zamanı tələsik qərarlar qəbul etməyə və bəzi sualları cavablandırmaq üçün kifayət qədər vaxtın qalmamasına gətirib çıxarıb.

Maraqlıdır, imtahan suallarının çətinliyi ilə tələb olunan vaxt arasındakı balans necə müəyyənləşdirilməlidir?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb.

Birinci zonada yaranan səs-küy və gərginlik, növbəti mərhələdə imtahan verəcək gənclər üçün əlavə stress mənbəyinə çevrilib:

"Maraqlı tərəf ondadır ki, bu gün Azərbaycan təhsil sistemi ümumiyyətlə imtahanyönümlüdür, sınaqyönümlüdür. Hələ tədris müddətində çoxlu sayda imtahanlar olur. Vaxt məsələsinə gəldikdə, buraxılış imtahanında xüsusilə Azərbaycan dili ilə bağlı gərginlik yaranmışdı. Orada yazı tələb edən açıq tipli suallar var ki, onlar kifayət qədər düşündürücü və vaxt aparan suallardır. Əgər test sistemindən istifadə ediriksə, o zaman daha çevik, daha anlaşılan və şagirdi çaşdırmayan elementlərdən istifadə etməliyik və şagirdin bilik və bacarığını bu şəkildə ölçməliyik. Şagirdləri çaşdırmaq olmaz. Xüsusilə birinci zonada imtahan verənlər üçün yaranan bu səs-küy və gərginlik, ikinci dönəmdə imtahan verəcək şəxslərdə də stress yaradır".

Beynəlxalq təcrübə və inkişaf etmiş dövlətlərin modelləri ortadadır, amma biz nədənsə insanları bu gərginlikdən azad etməyə cəhd eləmirik:

"Hər şeydə bir məhdudiyyət tətbiq olunur. Məsələn, qeydiyyatla bağlı elan edilir ki, fevralın 18-dən martın 5-nə qədər kim qeydiyyatdan keçməsə, kənarda qalacaq. Bu da əlavə gərginlik və stress yaradır. Bu kimi məsələlərdən xilas olmaq lazımdır, xarici təcrübəyə, beynəlxalq təcrübəyə əsaslanmaq lazımdır. Biz test sistemini Türkiyə modelindən götürmüşük, amma artıq Türkiyədə ali təhsil müəssisələrinə qəbul qaydaları bir neçə dəfə dəyişib. Biz də inkişaf etmiş dövlətlərin təcrübəsinə baxmalıyıq və ondan bir sınaq kimi istifadə etməliyik ki, növbəti illərdə valideynlər və abituriyentlər bu gərginlikdən azad olsunlar. Amma biz buna nədənsə cəhd eləmirik".

Suallar bəzən şagirdin bilik səviyyəsini ölçməkdən çox, şəxsi subyektiv maraqlara xidmət etmək üçün tərtib olunur:

"İndi 15 mart tarixində imtahan verəcək abituriyentlərdən artıq siqnallar gəlir, onların müzakirələrini görürük. Valideynlərin hətta sosial şəbəkələr üzərindən nə qədər gərgin olduqlarını müşahidə edirik. Bütün hallarda, sərt məhdudiyyətlər və sualların tərtibatı bir az yumşaldılmalıdır. Bu həm buraxılış imtahanı verən şəxslər üçün, həm də gələcəkdə ali təhsil müəssisələrinə qəbul imtahanları - blok imtahanları üçün müəyyən qədər rahatlıq yarada bilər və şagirdləri, abituriyentləri gərginlikdən azad edə bilər. Ona görə də düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılmalıdır.

Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi birgə işləməli, birgə səy göstərməli və sualların qoyuluşu, tərtibatı zamanı da Nazirliyin mütəxəssislərindən rəy alınmalıdır. Düzdür, bunker müəllimlərinin əksəriyyəti ümumtəhsil məktəblərində çalışan müəllimlərdir. Amma ümumi görünən mənzərə odur ki, onlar da müəyyən yerlərə bağlıdırlar. Məsələn, bəziləri kurslara bağlıdır və sualları özlərinin tədris keçdiyi kursa uyğun tərtib edirlər. Bəziləri isə repetitorluqla məşğuldur və şəxsi subyektiv marağından irəli gələn məsələləri suallara daxil edir.

Məsələn, bu il riyaziyyat sualları sosial şəbəkədə açıqlandı. Düzdür, DİM əsaslandırdı ki, suallar tədrisin bazası əsasında tərtib olunub, amma ümumi mənzərə onu göstərdi ki, orada uyğun olmayan suallar da var. Yəni bunun üçün əlbəttə ki, sualları tərtib edən və hazırlayan şəxslər də müəyyən qədər məsuliyyəti öz üzərlərində daşımalıdırlar".

Xamenei ö*lməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama
Son xəbərlərDaha çox