Azedu.az

Buraxılış imtahanından şikayət EDİLİR: “Yaxşı hazırlaşanlara çətin sual yoxdur”

Buraxılış imtahanları

11 Mart 2026, 09:16
Buraxılış imtahanından şikayət EDİLİR: “Yaxşı hazırlaşanlara çətin sual yoxdur”

Ötən həftəsonu 58 mindən çox abituriyent buraxılış imtahanında iştirak edib. İmtahandan sonra bəzi abituriyentlər Azərbaycan dili suallarının çətin və mətnlərin qəliz olduğunu, hətta sualların III qrup (blok) imtahanı tipinə bənzədiyini bildiriblər.

Bəs bu narazılıqlara haqq qazandırmaq olarmı?

AzEdu.az-a mövzu ilə bağlı “İlin gənc müəllimi” müsabiqəsinin qalibi, Azərbaycan dili və ədəbiyyat müəllimi Xəzri Muradov danışıb.

O bildirib ki, imtahandakı bütün sualları çətin hesab etmək doğru olmaz.

"Bəzi abituriyentlərin sualların vaxt aparması ilə bağlı fikirlərini müəyyən qədər anlamaq olar. Çünki suallar əvvəlki illərlə müqayisədə daha çox düşünmə və vaxt tələb edirdi. Bununla belə, imtahanın ümumilikdə çox çətin olduğunu demək də düzgün yanaşma deyil.

İmtahandakı sualların böyük hissəsi qrammatika bölməsindən, xüsusilə də sintaksis mövzularından verilib. Azərbaycan dili müəllimləri yaxşı bilirlər ki, sintaksis sadəcə oxumaqla deyil, daha çox praktik həll və məntiqi düşünmə tələb edən sahədir. Elə buna görə də sintaksisə bəzən “Azərbaycan dilinin riyaziyyatı” deyilir.

Bununla yanaşı, mürəkkəb ad, cümlə üzvləri və vasitəsiz nitqlə bağlı suallar hazırlıqlı şagird üçün kifayət qədər sadə və rahat həll edilə bilən tapşırıqlar idi. Sadəcə iki sualın vaxt aparması bəzi abituriyentlərdə çətinlik hissi yarada bilərdi".

Əsas problem şagirdlərin yanlış istiqamətləndirilməsidir:

"Təəssüf ki, bəzi müəllimlər və ya hazırlıq prosesində şagirdlərə “filan mövzudan sual düşməyəcək” kimi fikirlər aşılanır. Şagird də buna inanaraq həmin mövzunu ciddi öyrənmir. İmtahanda həmin mövzudan sualla qarşılaşanda isə psixoloji olaraq sarsılır və motivasiyanı bərpa etmək çətinləşir.

Bəzi şagirdlər yalnız asan sınaqları seçirlər, çünki bu zaman yüksək bal toplamaq daha rahat olur və bu da onlarda arxayınlıq yaradır. Halbuki çətin sınaqlarda iştirak etməyən şagird real imtahanın stresinə və səviyyəsinə tam hazır ola bilmir. Bu baxımdan müəllim belə bir deyimi xatırladıb: “Təlimdə tər tökməyən, döyüşdə qan tökər”.

Mətn sualları ilə bağlı narazılıqlara gəlincə isə, müəllim bildirib ki, bu tapşırıqların quruluşu toplu testlərdə və vəsaitlərdə verilən nümunələrlə eynidir, sadəcə mətnlər fərqli olur. Yəni burada qeyri-adi və gözlənilməz vəziyyət yoxdur.

Yüksək nəticə göstərən şagirdlərin olması da imtahanın həll olunmayacaq qədər çətin olmadığını göstərir. Bu cür imtahanlar rəqabət mühitini daha sağlam edir. Universitetə qəbul olmaq və gələcəkdə həkim, müəllim və ya mühəndis kimi peşələrə yiyələnmək istəyən gənclər müəyyən çətin sınaqlara da hazır olmalıdırlar".

Ümumilikdə imtahanı nə çox çətin, nə də çox asan hesab etmək olar:

"Əsas məsələ şagirdlərin düzgün istiqamətləndirilməsidir. Onlara “bu düşməz, o düşməz” deməklə arxayınlıq yaratmaq yox, hər mövzuya hazır olmağı öyrətmək lazımdır.

Eyni zamanda şagirdlərin psixoloji hazırlığı da vacibdir. İmtahan bəzən asan, bəzən isə çətin ola bilər. Çətin suallar varsa, bu hamı üçün eyni dərəcədə çətindir. Buna görə də növbəti imtahanlara hazırlaşan abituriyentlər “imtahan çətin idi” kimi fikirlərlə motivasiyadan düşməməlidirlər. Ciddi hazırlaşan və diqqətli işləyən şagird üçün həll olunmayacaq sual yoxdur".

İrandakı Rus diplomatlar vuruldu - Pezeşkiandan Putinə TƏCİLİ ZƏNG
Son xəbərlərDaha çox