Buraxılış imtahanlarında abituriyentlərin ən çox narazılıq etdiyi məsələlərdən biri dinləmə tapşırıqları zamanı istifadə olunan səs gücləndiricilərinin (kolonkaların) keyfiyyəti ilə bağlıdır.
Dünən keçirilmiş buraxılış imtahanından sonra da bir çox şagird səsin aydın eşidilmədiyini və texniki problemlər yaşandığını bildirib. Onların sözlərinə görə, dinləmə mətninin mövzusu çətin olmasa da, kolonkaların zəif işləməsi səbəbindən mətndə deyilən sözləri aydın eşidə və başa düşə bilməyiblər. Bu isə bəzi sualların itirilməsinə səbəb olub.
Maraqlıdır, bu problemin əsas səbəbi nədir və belə halların qarşısını almaq üçün hansı həll yolları tətbiq oluna bilər ki, bütün abituriyentlər dinləmə mətnlərini aydın və rahat şəkildə eşidə bilsinlər?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Murad açıqlama verib.
O qeyd edib ki, ixtisas seçimində bəzən 0,1 bal belə həlledici rol oynayırsa, texniki nasazlıq səbəbindən abituriyentin birdən-birə 5-6 bal itirməsi yolverilməzdir:
“Dövlət İmtahan Mərkəzində yaşanan bu problem yeni deyil, demək olar ki, hər il təkrarlanır. Problemin həlli üçün mürəkkəb alternativlər axtarmağa ehtiyac yoxdur. DİM sadəcə müəyyən vəsait ayırmaqla daha keyfiyyətli səs gücləndiriciləri əldə etməli və imtahan binalarında lazımi texniki təchizatı təmin etməlidir.
Eyni zamanda, imtahanın keçiriləcəyi məktəblərdə mövcud səs sistemlərinin vəziyyəti əvvəlcədən yoxlanılmalı, nasazlıqlar aradan qaldırılmalı və sistem düzgün qurulmalıdır. Abituriyentlərin böyük əksəriyyəti dinləmə mətnlərinin yaxşı eşidilməməsindən və bu səbəbdən sualları cavablandıra bilməmələrindən şikayət edirlər.
Halbuki dinləmə blokundakı suallar abituriyentlər üçün yüksək bal toplamaq imkanı yaradır. Səs sistemindəki problemlər ucbatından bal itirilməsi isə gələcəkdə ixtisas seçimi zamanı ciddi çətinliklərə yol açır. Hər kəsə məlumdur ki, ixtisas seçimində bəzən bir bal, hətta 0,1 bal belə həlledici rol oynayır. Belə olan halda, texniki nasazlıq səbəbindən abituriyentin birdən-birə 5-6 bal itirməsi yolverilməzdir. Bu, əslində qarşısı alına biləcək qeyri-qlobal bir məsələdir".
Ekspertin sözlərinə görə, problemin həlli üçün mürəkkəb alternativlərə ehtiyac yoxdur:
“DİM sadəcə müəyyən vəsait ayırmaqla keyfiyyətli səs sistemləri əldə etməli və abituriyentlər üçün ədalətli imtahan şəraiti yaratmalıdır. Problemi kökündən həll etmək üçün səs problemi olan məktəblər müəyyənləşdirilməli və onlar keyfiyyətli avadanlıqla təmin edilməlidir. Bu cür aparatlar uzunmüddətli istifadə üçün yararlıdır və hər il yenidən alınmasına ehtiyac qalmır.
Bir dəfə xərc çəkərək səs sistemini yeniləmək və ya ehtiyat avadanlıqlar saxlamaq kifayətdir. İmtahan binalarına müəyyən sayda ehtiyat səs gücləndiricisi aparmaqla, hər hansı otaqda problem yarandıqda onu dərhal əvəz etmək və abituriyentlərə mətni yenidən dinlətmək olar. Beləliklə, hər kəs üçün bərabər və ədalətli imtahan şəraiti yaratmaq mümkündür".
Bu il imtahanlarda səs problemi ilə yanaşı, sualların çətinlik səviyyəsi ilə bağlı da narazılıqlar olub:
“Xüsusilə Azərbaycan dili fənni üzrə sualların həddindən artıq düşündürücü olması və çox vaxt aparması digər fənlərin nəticələrinə də mənfi təsir göstərdi. Abituriyentlərin əksəriyyəti Azərbaycan dili suallarına həddən çox vaxt sərf etdikləri üçün həm bu fənnin özünü tam tamamlaya bilmədiklərini, həm də riyaziyyat və ingilis dili fənlərinə kifayət qədər zaman ayıra bilmədiklərini vurğulayırlar. Hesab edirəm ki, bu cür vəziyyətlər yolverilməzdir. Çətinlik səviyyəsi baxımından bu il 2023-cü ildəki mənzərənin təkrarlandığını görürük".
İmtahan verən bütün abituriyentlərin bilik səviyyəsini eyni meyarla qiymətləndirmək düzgün deyil:
“İmtahan verənlərin hamısı yalnız 1-ci, 2-ci, 3-cü və ya 4-cü qruplara hazırlaşanlar deyil. Onların arasında kolleclərə və ya 5-ci qrup üzrə qabiliyyət imtahanı tələb edən ixtisaslara sənəd verənlər də var. Təbii ki, bu abituriyentlərin bilik səviyyələri eyni ola bilməz. Kollecə hazırlaşan bir gənclə 3-cü qrup üzrə iddialı olan bir abituriyentin Azərbaycan dili biliyinin eyni tərəziyə qoyulması mümkün deyil.
Bütün bu amillər mütləq nəzərə alınmalıdır. Ümid edirəm ki, Dövlət İmtahan Mərkəzi səsləndirilən şikayətləri dəyərləndirərək martın 15-də və aprelin 19-da keçiriləcək növbəti imtahanlarda müvafiq tədbirlər görəcək".