Azedu.az

Buraxılış imtahanı yaxınlaşır: Abituriyentlər həyəcanı necə azaltsın?

Buraxılış imtahanları

7 Mart 2026, 16:10
Buraxılış imtahanı yaxınlaşır: Abituriyentlər həyəcanı necə azaltsın?

Buraxılış imtahanına artıq bir gün qalıb. Təqvimdəki rəqəmlər azaldıqca, illərdir çəkilən zəhmətin bəhrəsini görmək istəyi həm şagirdlərdə, həm də valideynlərdə gərginliyi daha da artırır. Bu mərhələdə bir çox abituriyentlərdə stress səbəbindən “sanki hər şeyi unutmuşam” kimi düşüncələr də yarana bilir. 

Bu dövrdə artıq yalnız biliklər deyil, emosional vəziyyətin düzgün idarə olunması da ön plana çıxır. Çünki imtahan təkcə suallara düzgün cavab vermək deyil, həm də həyəcan və stresslə mübarizə aparmaq sınağıdır.

Belə olan halda sual yaranır: İmtahan zalında həyəcanı idarə etməyin effektiv üsulları hansılardır?

AzEdu.az- a mövzu ilə bağlı psixoloq Gülnar Orucova açıqlama verib.

O qeyd edib ki, imtahan yaxınlaşdıqca stressi azaltmağın yolu pozitiv düşünməkdir: "Mən bacaracağam, mən qalib olacağam" demək hər şeydən vacibdir.

"Deməli, əgər bir uşaqda “hər şeyi unutmuşam” fikri yaranırsa, bu artıq beynin stressə verdiyi normal psixoloji reaksiyadır. Əslində bizdə abituriyentlər çox vaxt belə bir vəziyyətlə üzləşirlər: onlar çox oxuyur, amma az dincəlirlər. Bununla yanaşı, valideynlər də onların üzərinə daha çox düşərək “vaxt azalır, daha çox oxu” deyə təzyiq göstərirlər. Bu isə öz növbəsində əlavə stressin yaranmasına səbəb olur.

Mən düşünürəm ki, imtahan vaxtı yaxınlaşdıqca, ilk növbədə stressi azaltmaq üçün insan müsbət düşünməlidir. Düşüncələr pozitiv olmalıdır: “Mən bacaracağam, mən qalib olacağam, imtahanlardan yüksək nəticə əldə edəcəyəm”. Bu cür düşüncə tərzi çox vacibdir".

Valideyn övladını başqaları ilə müqayisə etməməlidir, uşaqların müqayisəyə deyil, valideynin 'Sənə inanırıq' kəlməsinə ehtiyacı var:

"İkinci mühüm məsələ isə valideyn dəstəyidir. Bəzən valideynlər övladlarını başqalarının uşaqları ilə müqayisə edirlər: “Filankəsin uşağı 700 bal topladı” və s. Bu kimi ifadələr uşaqlarda narahatlıq və gərginlik yaradır. Halbuki valideyn övladına dəstək olmalıdır. Valideyn deməlidir: Biz səni uğurunla da, uğursuzluğunla da sevirik və qəbul edirik. Sənə inanırıq və əminik ki, bu imtahandan yaxşı nəticə əldə edəcəksən.

Valideynlər övladlarını başqaları ilə müqayisə etməməli, əksinə onlara mənəvi dəstək göstərməlidirlər. Tövsiyəm odur ki, valideynlər uşaqlarının yanında olsunlar. Əgər özləri bu dəstəyi verməkdə çətinlik çəkirlərsə, mütləq peşəkar psixoloqlara müraciət etməlidirlər".

Stressi həyatın normal bir hissəsi kimi qəbul etmək, sizi imtahan dövründə daha sakit və dayanıqlı edəcək:

"Mənim Abituriyentlərə bir neçə tövsiyyələrim olacaq. Birinci növbədə, normal yuxu rejiminə diqqət yetirin. Gündə təxminən 8 saat yatmağa çalışın və mümkün qədər saat 12-yə qədər yuxuya gedin. Kifayət qədər yuxu aldıqda beyniniz daha aydın və düzgün düşünür. Yuxu, əslində, stressə qarşı ən təsirli vasitələrdən biridir.

Digər vacib məqam isə stressə qarşı davamlı olmağı öyrənməkdir. Bunun üçün gündəlik həyatda qarşılaşdığınız kiçik stressləri həyatın normal bir hissəsi kimi qəbul etməyə çalışın. Bu yanaşma sizi imtahan dövründə daha sakit və dayanıqlı edəcək.

Sağlam qidalanma da çox önəmlidir. Fast-food qidalardan uzaq durmağa çalışın və daha faydalı, balanslı qidalar qəbul edin. Eyni zamanda orqanizmin ehtiyacına uyğun olaraq vitamin və minerallardan istifadə etmək də faydalı ola bilər.

Stressi azaltmaq üçün nəfəs texnikasından da istifadə edə bilərsiniz. Bunun üçün 4 saniyə nəfəs alın, 4 saniyə nəfəsi saxlayın və 4 saniyə ərzində nəfəsi buraxın. Stress hiss etdiyiniz zaman bu texnikanı 6–8 dəfə təkrar etməyiniz sakitləşməyinizə kömək edə bilər.

Bundan əlavə, açıq havada gəzmək, gözəl musiqi dinləmək və müsbət düşünmək də sizin psixoloji vəziyyətinizə müsbət təsir göstərəcək. Bu vərdişlər imtahan dövrünü daha rahat və balanslı keçirməyinizə kömək edəcək".

AzEdu.az mövzu ilə bağlı psixoloq Nizami Orucovla da danışıb.

Abituriyentlər özlərinə "Mən hazırlaşmışam və bildiklərim yerindədir" kimi daha realist və sakitləşdirici fikirlər deməyə çalışmalıdırlar:

"İmtahan günü yaxınlaşdıqca “hər şeyi unutmuşam” düşüncəsi bir çox abituriyentdə yaranır və bu, əslində çox normal psixoloji reaksiyadır. Həyəcan zamanı beyin təhlükə siqnalı kimi işləyir və diqqət daha çox qorxuya yönəldiyi üçün insan sanki bildiklərini xatırlamırmış kimi hiss edir. Halbuki məlumat beynin yaddaşında qalır, sadəcə stress onu müvəqqəti olaraq çətin xatırlanır hala gətirir. Bu düşüncədən uzaqlaşmaq üçün abituriyentlər özlərinə “Mən hazırlaşmışam və bildiklərim yerindədir” kimi daha realist və sakitləşdirici fikirlər deməyə çalışmalıdırlar".

Unutmaq qorxusu ilə mübarizənin ən yaxşı yolu isə həmin anda yalnız qarşıdakı sualı həll etməyə diqqət etməkdir:

"İmtahan anında əllərin əsməsi, ürək döyüntüsünün artması da həyəcanın fiziki əlamətləridir və təhlükəli deyil. Belə anlarda ən sadə üsullardan biri nəfəsə diqqət yetirməkdir. Bir neçə dəfə yavaş və dərin nəfəs almaq, nəfəsi bir neçə saniyə saxlayıb yenidən buraxmaq bədənin gərginliyini azaldır. Bundan başqa, diqqəti sual kağızına yönəltmək və sualları bir-bir həll etməyə fokuslanmaq da düşüncəni panikadan uzaqlaşdırır. Unutmaq qorxusu ilə mübarizənin ən yaxşı yolu isə həmin anda yalnız qarşıdakı sualı həll etməyə diqqət etməkdir".

Valideynlərin əsas rolu övladlarına güvən hissi verməkdir. Uşağı daim nəticə ilə yox, göstərdiyi səylə qiymətləndirmək ən sağlam yanaşmadır:

"Valideynlərin davranışı da bu mərhələdə çox vacibdir. Uşağa dəstək olmaq istəyərkən “mütləq yüksək bal toplamalısan”, “bu sənin son şansındır” kimi cümlələr əksinə, gərginliyi daha da artırır. Valideynlərin əsas rolu övladlarına güvən hissi verməkdir. “Biz sənin zəhmətini görürük”, “nəticə necə olsa da sənin yanındayıq” kimi sözlər gəncdə daha çox motivasiya və psixoloji rahatlıq yaradır. Bu dövrdə ailədə sakit və anlayışlı mühit yaratmaq, uşağı daim nəticə ilə yox, göstərdiyi səylə qiymətləndirmək ən sağlam yanaşmadır".

Təcili! İran Türkiyəni ballistik raketlə vurdu - Ordu hərəkətə keçir?
Son xəbərlərDaha çox