Azedu.az

Buraxılış imtahanlarında nəticələr daha yüksək ola bilər - PROQNOZ

Buraxılış imtahanları

3 Fevral 2026, 11:29
Buraxılış imtahanlarında nəticələr daha yüksək ola bilər - PROQNOZ

Buraxılış imtahanlarına az bir zaman qalıb. Son illərin müşahidələri göstərir ki, buraxılış imtahanlarında maksimum - 300 bal toplayan abituriyentlərin sayında azalma müşahidə olunur.

Maraqlıdır, bu il vəziyyət necə olacaq? Maksimum bal toplayanların sayında artım gözlənilirmi?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu il nəticələrin əvvəlki il və ya ötən illərlə müqayisədə bir qədər yüksək olması mümkündür.

Onun sözlərinə görə, buraxılış imtahanlarında maksimal nəticə göstərən abituriyentlərin sayının azalması əsasən yeni imtahan formatı və imtahanın məzmunu ilə bağlıdır:

“Bildiyiniz kimi, 2019-cu ildən etibarən Dövlət İmtahan Mərkəzi 11-ci sinif buraxılış imtahanlarında yeni format tətbiq etməyə başladı. Həmin dövrdən sonra imtahanlarda yüksək bal toplayan abituriyentlərin sayında azalma müşahidə olundu.

Yeni imtahan formatına uyğunlaşan abituriyentlər isə demək olar ki, hər il bu prosesə daha yaxşı adaptasiya olduqca, maksimal nəticə göstərənlərin sayında da müəyyən artım qeydə alınır. Son iki ilin abituriyentlərini əvvəlki illərlə müqayisə etdikdə görürük ki, bu iki ilin məzunları məhz bu formata daha çox uyğunlaşıblar. Yəni onlar artıq uzun illərdir bu formatda imtahan verirlər və bu da nəticələrə təsir göstərir”.

Ekspert qeyd edib ki, bu il abituriyentlər imtahan prosesinə daha hazırlıqlıdırlar:

“Qeyd etdiyim kimi, abituriyentlər artıq təxminən 6-7 ildir mövcud imtahan qaydalarına uyğun hazırlaşırlar. Onlar həm test tapşırıqları, həm də açıq yazılı suallar üzərində işləyirlər. Bu səbəbdən düşünürəm ki, bu il abituriyentlər imtahan prosesinə daha hazırlıqlı şəkildə qatılacaqlar.

Eyni zamanda nəzərə alsaq ki, mövcud imtahan formatı növbəti ildən etibarən dəyişəcək və əsasən ixtisaslaşma və xarici dil fənni ilə bağlı olacaq, bu da abituriyentlər üçün əlavə motivasiya yaradır. Məhz buna görə onlar bu il daha yüksək nəticə göstərməyə çalışırlar ki, bu amil də maksimal bal toplayanların sayına təsir edə bilər.

Qəti şəkildə demək mümkün olmasa da, bu il nəticələrin əvvəlki illərlə müqayisədə bir qədər yüksək olacağı ehtimal edilir və müəyyən artım gözlənilir”.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox