Azedu.az

Bakı məktəbində ictimai müzakirələr - FOTOLAR

Bakı şəhəri üzrə Təhsil İdarəsi

11 Mart 2026, 19:00
Bakı məktəbində ictimai müzakirələr - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

AzEdu.az xəbər verir ki, paytaxtdakı 247 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə Parlament Jurnalistlər Birliyinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı, millət vəkilləri Hikmət Məmmədov, Ceyhun Məmmədov, Məlahət İbrahimqızı, Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, QHT nümayəndələri, məktəb direktorları, pedaqoji kollektiv, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.

Qonaqlar əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, təhsil müəssisəsində fəaliyyət göstərən inklüziv təhsil, “Rəqəmsal bacarıqlar”, STEAM kabinetləri, “Tullantıdan həyata” və “Məktəbli avtoşəhərciyi” layihələri ilə tanış olublar.

Məktəbin direktoru Sitarə Abbasova qonaqları salamlayaraq qeyd edib ki, bu cür ictimai müzakirələr məktəb, valideyn və ictimaiyyət arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Direktor məktəbdə həyata keçirilən yeniliklər, müxtəlif layihələr və şagird nailiyyətləri barədə təqdimatla çıxış edib.

179389

Qeyd olunub ki, məktəbin əsas məqsədi şagirdlərin potensialını üzə çıxarmaq, onların inkişafı üçün əlverişli mühit yaratmaq və cəmiyyət üçün vətənpərvər, məsuliyyətli, özünə güvənən fərdlər yetişdirməkdir.

Vurğulanıb ki, məktəbin əsası 1969-cu ildə qoyulub, 2016-cı ildə isə əsaslı təmir olunub. Təhsil müəssisəsində 1-11-ci siniflər üzrə tədris Azərbaycan və rus dillərində aparılır. Məktəb 5 günlük tədris həftəsi ilə iki növbəli rejimdə fəaliyyət göstərir.

Hazırda məktəbdə 69 müəllim fəaliyyət göstərir. Onlardan 36 nəfəri müəllimlərin sertifikasiya prosesində iştirak edərək müsbət nəticə əldə edib, 19 nəfər isə yüksək nəticə göstərərək daha yüksək faizlə əməkhaqqı artımına layiq görülüb.

Parlament Jurnalistlər Birliyinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı çıxışında məktəb, cəmiyyət və media arasında açıq dialoqun qurulmasının vacibliyini vurğulayıb. 

179391

O, həmçinin məktəblilərin media savadlılığının artırılmasının və düzgün informasiya mühitində yetişməsinin əhəmiyyətini qeyd edib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov ölkədə təhsil sahəsində aparılan islahatlar və mövcud çağırışlar barədə danışıb. O bildirib ki, təhsilin inkişafı üçün yeni yanaşmaların tətbiqi vacibdir və məktəblərin publik hüquqi şəxslərə çevrilməsi bu sahədə idarəetmənin daha çevik təşkilinə imkan yarada bilər.

179384

Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, təhsil yalnız məktəblərin deyil, bütün cəmiyyətin məsuliyyət daşıdığı mühüm sahədir. Onun sözlərinə görə, vətənpərvər və məsuliyyətli gənclərin yetişməsində ailə və məktəbin birgə fəaliyyəti xüsusi rol oynayır.

179385

Millət vəkili Mehriban Vəliyeva isə uşaqların söz ehtiyatının inkişafının vacibliyini vurğulayaraq bildirib ki, müxtəlif yaş mərhələləri üzrə söz ehtiyatı göstəricilərinin müəyyənləşdirilməsi və bu istiqamətdə elmi tədqiqatların aparılması zəruridir.

179386

Millət vəkili Hikmət Məmmədov çıxışında şagirdlərin həm fiziki, həm də intellektual inkişafının vacibliyini qeyd edib, ibtidai təhsilin ana dilində aparılmasının əhəmiyyətini vurğulayıb.

179383

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib ki, məktəblə bağlı məsələlərin ictimai müzakirəsi təhsil sisteminin inkişafına müsbət təsir göstərir. Onun sözlərinə görə, məktəb, ailə və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi bu sahədə mühüm rol oynayır.

179387

Digər çıxış edənlər təhsil müəssisəsinin fəaliyyətini və həyata keçirilən layihələri müsbət qiymətləndirərək bu cür müzakirələrin təhsil mühitində mövcud məsələlərin birgə həllinə töhfə verdiyini bildiriblər.

Tədbir çərçivəsində şagirdlərin ifasında bədii kompozisiyalar təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın artırılmasıdır.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var
Son xəbərlərDaha çox